Milli Məclis ombudsmanın illik məruzəsini qəbul edib - YENİLƏNİB

Milli Məclis ombudsmanın illik məruzəsini qəbul edib - YENİLƏNİB

Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üzrə məruzəsini qəbul edib.

"Birxeber.Az" xəbər verir ki, məruzə parlamentin martın 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənədi Ombudsman Səbinə Əliyeva təqdim edib.

Müvəkkil bildirib ki, uşaqların, xüsusilə qızların təhsildən yayındırılması, erkən evlilik, cəmiyyətdə, ailədə və təhsil müəssisələrində uşaqlara qarşı baş verən zorakılıq halları ciddi narahatlıq doğurur: “Bu halların qarşısının alınması məqsədilə valideyn və təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir”.

S.Əliyeva vurğulayıb ki, uşaqlara qarşı zorakılığın mənfi nəticələri, zorakılığın yolverilməzliyi və ondan müdafiə mexanizmləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə təhsil müəssisələrində mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasına son dərəcə böyük ehtiyac var.

11:39

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üzrə məruzəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

"Birxeber.Az"un xəbərinə görə, məruzə barədə ombudsman Səbinə Əliyeva məlumat verir.

O bildirib ki, keçən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub: “Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb. Azadlıq hüququnun təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb”.