Səfirlik: Almaniya Bakı və İrəvanı sülhə nail olmaq səylərində bundan sonra da dəstəkləyəcək

Səfirlik: Almaniya Bakı və İrəvanı sülhə nail olmaq səylərində bundan sonra da dəstəkləyəcək

Almaniya Azərbaycan və Ermənistanı sülhə nail olmaq səylərində bundan sonra da dəstəkləyəcək.

Bu barədə “Birxeber.Az”a Almaniyanın Azərbaycandakı səfirliyi Berlində separatçı xarakter daşıyan “Təhlükə altında olan Dağlıq Qarabağın mədəni irsinin qorunması” adlı ermənipərəst tədbirin keçirilməsi planları barədə açıqlamasında bildirib.

Diplomatik nümayəndəlik tədbirin Almaniyanın qeyri-hökumət təşkilatları tərəfindən təşkil edildiyini və ölkənin hakimiyyət orqanları ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb:

“Almaniya hökumətinin Azərbaycan və Ermənistan arasında münaqişənin həlli ilə bağlı mövqeyinə gəlincə, Almaniya sülhə nail olmaq üçün hər iki ölkəni dəstəkləməyə davam edəcək. Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşündə deyib ki, Ermənistan və Azərbaycanın uzun illər davam edən ağrılı münaqişədən sonra indi uzunmüddətli sülhə nail olmaq imkanı var”.

Xatırladaq ki, “Birxeber.Az” daha əvvəl tədbirin təşkilatçılarının Alman Xarici Əlaqələr Şurası (DGAP) və Konrad Adenauer Fondu olduğu barədə xəbər verib.

DGAP-ın maliyyə hesabatına əsasən, şura öz fəaliyyəti üçün federal hökumətdən qrantlar da alır.