“Neftçi”: Azarkeşlərlə bağlı şikayət bildirməmişik

“Neftçi”: Azarkeşlərlə bağlı şikayət bildirməmişik

“Neftçi” Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la keçirilən oyundan sonra 4 azarkeşin saxlanılması ilə bağlı bəyanat yayıb.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” inzibati binanın ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozan fanatlarla bağlı şikayət edilmədiyini bildirib.

Bəyanatda əlavə olunub ki, həmin şəxslər qanunvericiliyin tələblərinə əsasən məsuliyyətə cəlb ediliblər: “Qarabağ”la matçdan sonra 4 azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə klubun inzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı heç bir şikayət bildirməmişik. Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib”.

Qeyd edək ki, “Neftçi Arena”da keçirilən oyunda “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.