Afrika Millətlər Kubokunun pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub

Afrika Millətlər Kubokunun pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub

Futbol üzrə Afrika Millətlər Kubokunun qrup mərhələsinin 3-cü turunun matçında Konqo Demokratik Respublikasının (Konqo DR) yığması Tanzaniya komandası ilə 0:0 hesabı ilə heç-heçə edərək yarışın pley-off mərhələsinə yüksəlib.

“Report” xəbər verir ki, turnir Kot-d'İvuarda keçirilir.

“F” qrupunun digər oyununda Mərakeş Zambiyaya 1:0 hesabı ilə qalib gəlib. Mərakeşlilər qrupda birinci (7 xal), sonrakı yerləri Konqo DR (3), Zambiya (2) və Tanzaniya (2) komandaları tutub.

Altı qrupdan iki ən yaxşı komanda və üçüncü yeri tutanların hamısı arasında ən yaxşı nəticə göstərən dörd komanda Afrika Millətlər Kubokunun pley-off mərhələsinə vəsiqə qazanıb. 1/8 finalda Anqola və Namibiya, Nigeriya və Kamerun, Ekvatorial Qvineya və Qvineya, Misir və Konqo DR, Kabo-Verde və Mavritaniya, Seneqal və Kot-d'İvuar, Mali və Burkina Faso, Mərakeş və Cənubi Afrika komandaları qarşılaşacaq. Pley-off mərhələsinin birinci mərhələsinin oyunları yanvarın 27-dən 30-dək keçiriləcək.

Qeyd edək ki, Afrika Millətlər Kuboku fevralın 11-də başa çatacaq. Əvvəlcə yarışın 2023-cü ildə keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinə görə 2024-cü ilə ertələnib. Sonuncu dəfə turnir 2022-ci ildə keçirilib, o zaman Seneqal komandası qalib gəlib.