Sədr: Kibertəhlükəsizliklə bağlı Birləşmiş Krallığın şirkətlərinin ölkəmizə cəlb olunmasında maraqlıyıq

Sədr: Kibertəhlükəsizliklə bağlı Birləşmiş Krallığın şirkətlərinin ölkəmizə cəlb olunmasında maraqlıyıq

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyası 2020-ci ildə yaradılmasına baxmayaraq Türkiyə, İsrail, Rumıniya, Koreya ilə əməkdaşlıq edir. Assosasiya olaraq Birləşmiş Krallığın kibertəhlükəsizliklə bağlı bir neçə şirkətinin Azərbaycana cəlb olunmasında maraqlıyıq.

Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov deyib.

O qeyd edib ki, kibertəhdidlər transmilli xarakter daşıyır və bu təhdidlərlə bir ölkə daxilində mübarizə aparmaq mümkün olmadığından beynəlxalq sahədə əməkdaşlıqları formalaşdırmaq önəmlidir.

E.Balacanov qeyd edib ki, Azərbaycanda kibertəhlüəksizliyin təmin olunması sahəsində həm texniki, hüquqi, həm də təşkilati olaraq müxtəlif sferalarda sistemli addımlar atılır: “Ötən ilin avqustunda Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair ilk dəfə olaraq strategiya qəbul olunub. Bundan öncə isə “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” qaydalar qəbul olunmuşdu”.

“Bildiyiniz kimi, on kritik sahə müəyyənləşib. Növbəti illər ərzində bu on kritik sahədə kibertəhklükəsizliyin təmin olunması istiqamətində addımlar atılacaq", - deyə o əlavə edib.