FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib

FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2024-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Sumqayıt Regional Mərkəzi tərəfindən “Ümumtəhsil orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Muğan Regional Mərkəzi tərəfindən “İctimai təhlükəsizliyin mühafizəsi manqasının komandirləri” və “Ümumtəhsil orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Cənub Regional Mərkəzi tərəfindən “Ümumtəhsil orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Gəncə Regional Mərkəzi tərəfindən “Gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimləri”, Aran Regional Mərkəzi tərəfindən “Bələdiyyə sədrləri”, Şimal Regional Mərkəzi tərəfindən “Ümumtəhsil orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Bələdiyyə sədrləri”, Qarabağ Regional Mərkəzi tərəfindən “Gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərlər” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.