“Liverpul” Liqa Kubokunun finalına çıxıb

“Liverpul” Liqa Kubokunun finalına çıxıb

İngiltərə Liqa Kubokunun ikinci yarımfinal matçının cavab qarşılaşmasında “Fulhem” “Liverpul”u qəbul edib.

“Birxeber.Az” xəbər verir ki, oyun paytaxt Londonda, “Kreyven Kottec”də baş tutub.

Saymon Huperin rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi oyunun birinci hissəsində “qırmızılar”ın üstünlüyü cüzi olsa da, Yürgen Kloppun yetirmələri buna hesabda əks etdirə biliblər: 11-ci dəqiqədə kolumbiyalı Luis Dias “Liverpul” akademiyasının yetirməsi Carell Kuansanın ötürməsini qola çevirib. Erkən qola baxmayaraq, “yaylaqçılar” “Liverpul” qarşısında müdafiəyə qapanmayıb və ara-sıra kəsərli hücumlar həyata keçirib. İlk yarıda Mersisayd təmsilçisinin qapı çərçivəsinə endirdiyi 3 zərbəyə londonlular 2 zərbə ilə cavab verib. Bununla belə, ilk 45 dəqiqədə hesab dəyişməyib – 0:1.

Oyunun ikinci hissəsi “Liverpul”un hücumları ilə başlasa da, qola birinci ən yaxın “Fulhem” olub: 53-cü dəqiqədə Andreas Pereyranın zərbəsi dirəyə tuş gəlib. Dərhal əks-hücuma keçən “qırmızılar” isə rəqib müdafiəsi qarşısındakı ikinin-birə üstünlüyə baxmayaraq, almaniyalı qapıçı Bernd Leno komandasını xilas edib. Cəmi beş dəqiqə sonra Leno bu səfər uruqvaylı Darvin Nunyesin təhlükəli zərbəsinin öhdəsindən gəlib. Oyunun sonlarına doğru “Fulhem”in çoxsaylı cəhdləri öz bəhrəsini verib: 77-ci dəqiqədə fransalı İssa Diop qapıçı Kelleheri məyus edib. Ona məhsuldar ötürməni isə “Liverpul”un yetirməsi Harri Vilson edib. 80-ci dəqiqədə Vilson özü də keçmiş komandasına qol vurmağa yaxın olsa da, qapıçı zərbəni dəf edib. Oyunun qalan vaxtı qarşılıqlı hücum şəraitində keçib, lakin heç biri tablodakı hesabı dəyişə bilməyib – 1:1, “Liverpul” 14-cü dəfə turnirin finalına vəsiqə qazanıb.

Xatırladaq ki, “Fulhem” və “Liverpul” arasında keçirilmiş yarımfinal matçının ilk oyunu yanvarın 11-də Liverpulda, “Enfild” stadionunda baş tutub. Həmin oyunda “ağlar” erkən qol vuraraq hesabda irəli çıxsa da, üstünlüklərini qoruya bilməyiblər. “Liverpul” 68 və 71-ci dəqiqələrdə Körtis Cons və Kodi Qakponun qolları ilə matçın taleyini həll edib – 2:1.

Turnirin digər yarımfinal oyununun sonucu isə artıq bəllidir. “Çelsi” cavab qarşılaşmasında Çempionşip (səviyyəcə ikinci liqa) təmsilçisi “Midlsbro”nu 6:1 hesabı ilə darmadağın edərək adını finala yazdırıb. Birinci matçdan “Boro” minimal fərqlə qalib ayrılmışdı – 1:0.

İngiltərə Liqa Kubokunun finalı fevralın 27-də Londondakı “Uembli” stadionunda oynanılacaq.

1/2 final matçlarında VAR-dan istifadə edilməyib.

Qeyd edək ki, daha öncə 2021/2022 mövsümündə eyni komandaların iştirakı ilə Liqa Kubokunun final matçı keçirilib. Həmin oyunun əsas və əlavə edilmiş vaxtı bərabərə bitib – 0:0. Penalti seriyasında isə “skauzlar” daha dəqiq olublar – 11:10. Beləliklə, “Liverpul” doqquzuncu dəfə bu kuboka sahib olub. “Qırmızılar” sözügedən turnirdə kubok sayına görə İngiltərədə birincidirlər.