Fərid Qayıbov: İştirakçılar Xankəndi – Bakı ultramarafonunda böyük iş gördülər

Fərid Qayıbov: İştirakçılar Xankəndi – Bakı ultramarafonunda böyük iş gördülər

İştirakçılar 380 km məsafəni qət ediblər, hər birini təbrik edirəm, böyük iş görüblər.

"Birxeber.Az" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Xankəndi – Bakı ultramarafonu haqqında jurnalistlərə açıqlamasında deyib.

Nazir idman ictimaiyyətini 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edib: "Hər il olduğu kimi, yenə idman həftəsi elan etmişdik. Bu həftədə tədbirlərimiz daha çox olub, nəinki il ərzində. İnsanları idmana daha çox cəlb etmək istəyirik. Ölkəmiz artıq suverendir. Qarabağda, Xankəndidə tədbirlər keçirə bilərik. Ötən il futbol üzrə Azərbaycan Kubokunun bir oyunu Xankəndidə təşkil olunub. Bu dəfə Xankəndidə başladıq və paytaxtda bitirdik. 60-dan çox idmançı var idi. Meksikadan və qardaş ölkə Türkiyədən iştirakçılar dəvət etdik. Təbii ki, hamı axıra kimi qaça bilmədi. Çətin marafondur".

Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.