İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq

İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, "Qaçqınkom"un məlumatına görə, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Dövlət Komitəsinin əsas icraçısı olduğu tədbirlərə ictimai dəstəyin təşkili və bununla əlaqədar şuranın fəaliyyət imkanları barədə müzakirə aparılıb.

Müvəqqəti məskunlaşma yerlərində İctimai Şuranın üzvlərinin keçirdiyi görüşlərdə məcburi köçkünlərin qayıdış prosesinə dair bir sıra məsələlərlə maraqlandıqları vurğulanıb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qarabağda və Şərqi Zəngəzurda yenidən salınan və bərpası aparılan yaşayış məntəqələrinə sakinlərin köçürülməsi vəziyyəti, onların məşğulluğu məsələlərinin həlli, ümumən, məcburi köçkünlərin sosial müdafiəsinin təşkili barədə ətraflı məlumat verib. İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktiv fəaliyyətinin Dövlət Komitəsi tərəfindən aparılan işə müsbət təsiri olacağı qeyd edilib.

Bununla əlaqədar Dövlət Komitəsinin bütün fəaliyyət istiqamətləri üzrə qərarların qəbul edilməsi prosedurlarında vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakı üçün zəruri şəraitin yaradıldığı diqqətə çatdırılıb.