“Arsaxın mədəni irsi” adlı ermənipərəst təbliğat tədbirinin Berlində keçirilməsi təsadüfi deyil - RƏY

“Arsaxın mədəni irsi” adlı ermənipərəst təbliğat tədbirinin Berlində keçirilməsi təsadüfi deyil - RƏY

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Almaniya kimi nüfuzlu, oturuşmuş daxili və xarici siyasəti olan Qərb dövlətində “Arsaxın mədəni irsi” adlı qərəzli və ermənipərəst təbliğat tədbirinin keçirilməsi təsadüfi olmadığını bildirib.

QHT sədri “Report”a açıqlamasında qeyd edib ki, Qərb ölkələrində bu cür həssas məsələlərə yanaşmada sərgilənən təzadlı yanaşma suallar doğurur.

Onun sözlərinə görə, Qərb dövlətlərində plüralizm, fikir müxtəlifliyi kimi dəyərlər öndə tutulur: "Amma bunlar daha çox ölkədaxili siyasətlə bağlıdır".

A.Camal hesab edir ki, 44 günlük Vətən müharibəsindən və antiterror əməliyyatından sonra Almaniyanın bir sıra dairələrində Azərbaycana qarşı əks mövqe sərgilənir.

QHT sədri bildirib ki, bunu BMT-də keçirilən müzakirələrdə də görmək mümkündür:

“Qondarma “Arsaxın mədəni irsi” adlı tədbirin martın 6-da Berlində keçirilməsi təşəbbüsü və hazırlıqlar da həmin tendensiyanın tərkib hissəsi sayıla bilər. Ümumiyyətlə, Almaniya-Azərbaycan, Almaniya-Türkiyə münasibətlərində ziddiyyətli mövqe və maraqlar olmayıb. Görünür ki, hazırda Almaniyanın belə mövqe sərgiləməyində Fransanın da təsiri var. Çünki Fransa Azərbaycana qarşı mövqeyində tək görünmək istəmir, çalışır ki, bir ansambl yaratsın və müəyyən dövlətləri də öz cərgəsinə qoşsun. Bu baxımdan da Almaniyanın bəzi dairələrinə, siyasətçilərinə təsir imkanlarını özündə saxlayır. Araşdıranda aydın olur ki, anti-Azərbaycan mövqeyindən çıxış edən alman siyasətçilər ya fransız kökənlidirlər, ya da həmin ölkənin siyasətini dəstəkləyirlər”.

Azərbaycanın vətəndaş cəmiyyətinin üzvlərinin martın 6-da Berlində keçirilməsi gözlənilən “Arsaxın mədəni irsi” adlı tədbirə etiraz etdiyini vurğulayan A.Camal məktuba cavab verilmədiyini söyləyib:

“Tədbirin təşkilatçısı olan qurumların rəhbərlərinə etiraz məktubu ünvanlamışıq və cavab tələb edirik. Nəzərdə tutulan o tədbirin keçirilməsi ləğv olunmalıdır. Hesab edirəm ki, Avropadakı Azərbaycan təşkilatları lazımi addımları atmalıdır. Diplomatik kanallarla da bir sıra addımların atılması effektiv ola bilər”.