Azərbaycanda din xadimlərinin ilk dəfə attestasiyasına başlanılıb

Azərbaycanda din xadimlərinin ilk dəfə attestasiyasına başlanılıb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar.

İlk dəfə təşkil edilən attestasiya QMİ-nin inzibati binasında keçirilir. Prosesdə fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub.