Azərbaycan Gimnastika Federasiyasının rəsmisi: "Bakıdakı Dünya Kuboku idmançılarımız üçün məsuliyyətli idi"

Azərbaycan Gimnastika Federasiyasının rəsmisi: "Bakıdakı Dünya Kuboku idmançılarımız üçün məsuliyyətli idi"

Dünya çempionatındakı uğurdan sonra Bakıdakı yarışda çıxış etmək gimnastlarımız üçün məsuliyyətli idi. Onlar bunun öhdəsindən gəldilər, Mixail Malkin birinci, Adil Hacızadə (hər ikisi tamblinq) ikinci oldu.

Bunu "Birxeber.Az"a Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku barədə danışarkən deyib.

Federasiya rəsmisi Malkinin ötən il ilk dəfə mundialda qızıl medala sahib çıxdığını və milli ilə komanda hesabında da dünya çempionu olduğunu xatırladıb: "Ardınca Avropada ilin gimnastı seçilmişdi. Qarşıda onları Avropa çempionatı gözləyir. Orada da möhtəşəm çıxış edəcəklərinə inanırıq. Malkin 2018-ci ildə Bakıdakı Avropa çempionatında da qızıl mükafat əldə etmişdi. Ondan sonra hər kəs dünya çempionatında da nailiyyət gözləyirdi. Müxtəlif zədələrə görə bir müddət gözləntiləri doğrulda bilmədi. Hazırda yaxşı formadadır. Ümid edirik ki, qitə çempionatında da layiqli mübarizə sərgiləyəcək".

Nurlana Məmmədzadə Bakıdakı yarış haqqında fikirlərini bölüşüb: "Bu turnirdən əvvəl bir çox ölkələr burada təlim-məşq toplanışında iştirak etdilər. Milli Gimnastika Arenasındakı şərait onları cəlb edir. Bu yarış həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olduğu üçün önəmli idi. Təsnifat və finallar maraqlı keçdi. Batut gimnastımız Selcan Mahsudova yarımfinalda səhvə yol verdiyi üçün həlledici raunda vəsiqə qazana bilmədi. O, ötən il Bakıdakı Dünya Kubokunda gümüş medala sahib çıxmışdı. Təəssüflər olsun ki, bu il həmin uğuru təkrarlaya bilmədi. Batut gimnastikası 2013-cü ildən ölkəmizdə inkişaf etməyə başlayıb. Bu müddət ərzində bir çox nəticələr var. Bakıdakı turnirdə kişilərdən ibarət komandada Azərbaycan gimnastikasının yetirmələri öz çıxışlarını nümayiş etdirdilər. Onlar ilk dəfə böyüklər kateqoriyasında mübarizə aparırdılar. Bundan əvvəl dünya yaş qrupları yarışlarında, gənclər arasında Avropa çempionatında və müxtəlif beynəlxalq turnirlərdə mükafatçılar sırasında olublar. Ümid edirik ki, gələcəkdə onlar öz çıxışları ilə hamımızı sevindirəcəklər".

Baş katib idman gimnastı Nikita Simonovun Almaniyadakı Dünya Kubokunda qızıl medal qazanmasına da toxunub: "O, 40-dan çox idmançı arasında birinci yerə layiq görülüb. Bu Dünya Kuboku da Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Simonovun bu nəticəni göstərməsi bizi sevindirir. Ümid edirik ki, Dünya Kubokları sayəsində olimpiadaya lisenziya qazanmaq şansından tam bəhrələnəcək. Martın 7-10-da da Bakıda Dünya Kuboku gerçəkləşəcək. Onun paytaxtımızda da eyni nəticəni göstərərək olimpiadada iştirak şansını artıracağına ümid edirik".

Federasiya rəsmisi son olaraq gənc bədii gimnastların Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü “Irina Deleanu Cup”da medallar qazanması barədə danışıb: "Onların mükafatçılar sırasında olması bizi sevindirir. Bu növ digərlərinə nisbətən Azərbaycanda daha çox inkişaf edib. Bu idman növünə axın getdikcə artır. Bölgələrimizdə də inkişaf etdirilir. 2024-cü il vacib ildir. Paris-2024 Yay Olimpiya Oyunlarında bütün idmançılarımıza və gimnastlara uğurlar arzulayıram".