Ekspert: "Böhran dövründə sosial müəssisələr daha dayanıqlı olur"
"Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində ənənəvi sahibkarlıqla yanaşı, sosial sahibkarlığın da inkişafı mühüm yer tuta bilər".
Bunu “Birxeber”a sosial sahibkarlıq üzrə beynəlxalq ekspert Lana Lovaşiç bildirib.
“Bakıya gəlməkdə məqsədim sosial sahibkarlıq sahəsindəki qabaqcıl təcrübəni yaymaqdır. Amma fikrimcə, bununla bağlı rəylər xeyli rəngarəng və zəngin olan yerli iqtisadi mühitlə müəyyənləşməlidir. Məncə, iqtisadiyyatını şaxələndirməyə çalışan Azərbaycan sosial sahibkarlığın inkişafı üçün geniş potensiala malikdir” – ekspert qeyd edib.
O, həmçinin sosial sahibkarlığa koronavirus pandemiyasının təsirindən də danışıb:
“Koronavirus bir çox sahələrdə fəsadlar yaradıb və fikrimcə, sosial sahibkarlar da ziyan çəkib. Burada vəziyyət birmənalı deyil, çünki insanlara dəyən maliyyə ziyanı ilə yanaşı, gördük ki, adi sahibkarlığa nisbətən sosial müəssisələr daha dayanıqlı olub. Doğrudan da bu modelin böyük potensialı var”.
Xatırladaq ki, aprelin 12-də UNDP-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Suhrob Hocımatovun və sosial sahibkarlıq sahəsində beynəlxalq ekspert Lana Lovaşiçin də iştirakı ilə keçirilən tədbirdə ölkədəki sosial sahibkarlıqla bağlı başlıca problemlər müzakirə edilib.