Ermənistanlı deputatı: İrəvan KTMT-dən çıxmasını hüquqi baxımdan rəsmiləşdirə bilər

Ermənistanlı deputatı: İrəvan KTMT-dən çıxmasını hüquqi baxımdan rəsmiləşdirə bilər

Ermənistan rəhbərliyi bundan sonra ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını hüquqi cəhətdən rəsmiləşdirmək üçün addımlar ata bilər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının (parlament) deputatı, KTMT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Rusiyanın “İzvestiya” qəzetinə söyləyib.

“Qarşılıqlı öhdəliklərlə bağlı KTMT-dən və ondan bəklənən yardımdan yanlış gözləntilər formalaşıb. Lakin bu halda da tərəflər Ermənistanın KTMT-ni tərk etməsinə gətirib çıxara biləcək addımlar atmamalıdır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi addımlarının davamı olaraq nəinki, açıq şəkildə bəyan edildiyi kimi, təşkilatdan çıxa, ümumiyyətlə Rusiya ilə münasibətləri xeyli pisləşdirə bilər”, – deyə siyasətçi gileylənib.

Eyni zamanda, Abramyan vurğulayıb ki, İrəvanın Aİ və ya ayrı-ayrılıqda hər hansı bir Avropa ölkəsi ilə münasibətlərinin mümkün dərinləşməsi, heç bir halda, Moskva ilə münasibətlərə xələl gətirə biləcək şəkildə baş verməməlidir. Onun sözlərinə görə, Ermənistan və Rusiyanın iştirakı ilə KTMT, MDB və Aİİ kimi çoxtərəfli formatlar dondurulmamalı və dayandırılmamalıdır, əksinə, onların çərçivəsində qarşılıqlı əlaqəni daha çevik və verimli etmək üçün transformasiya oluna bilər.

Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakının dondurulduğunu açıqlayıb.

Qeyd edək ki, “Şərəfim var” fraksiyası parlamentdə 107 mandatdan cəmi yeddisinə sahibdir. Siyasi birliyin qurucusu keçmiş prezident Serj Sarqsyan, lideri isə Artur Vanesyandır. Fraksiya digər müxalif partiyalar kimi rusiyayönümlülük və avroskeptisizmlə fərqlənir. Son parlament seçkilərində Ermənistan seçicilərinin yalnız 66 mini “Şərəfim var”a etibar edib.