Kanada Rusiyaya qarşı sanksiya siyahısına 6 nəfər əlavə edib

Kanada Rusiyaya qarşı sanksiya siyahısına 6 nəfər əlavə edib

Kanada anti-Rusiya sanksiyaları siyahısına Aleksey Navalnının öldüyü Xarp kəndindəki islah koloniyasının rəisi Vadim Kalinin, habelə Federal Penitensiar Xidmətin Yamalo-Nenets Muxtar Dairəsi üzrə rəhbəri İqor Rakitin də daxil olmaqla, daha altı ad əlavə edib.

“Report” xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş sənədlərdə deyilib.

Siyahıya həmçinin Aleksandr Varapayev (1988-ci il təvəllüdlü), Marina Bobek (1986-cı il təvəllüdlü), Yekaterina Frolova (doğum ili göstərilməyib) və Kirill Nikiforov (1992-ci il təvəllüdlü) daxildir. Onların vəzifələri dəqiqləşdirilməyib.

Xatırladaq ki, daha öncə Kanadanın xarici işlər naziri Melani Coli Ottavanın Navalnının ölümü ilə əlaqədar Rusiyaya sanksiyalar tətbiq edəcəyini bildirmişdi. O zaman söhbət “altı Rusiya məmuru, o cümlədən Rusiya prokurorluğunun, məhkəmə və islah xidmətlərinin yüksək vəzifəli şəxsləri və yüksək rütbəli əməkdaşları” ilə bağlı məhdudiyyətlərdən gedirdi.

Qeyd edək ki, Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət fevralın 16-da Aleksey Navalnının öldüyünü açıqlayıb. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu barədə Prezident Vladimir Putinə məlumat verildiyini bildirsə də, Kremldə siyasətçinin ölümünün səbəbləri barədə məlumat yoxdur.

Navalnının meyiti ekspertizaya ehtiyac olduğunu əsas gətirərək doqquz gün anasına verilməyib. Peskov bununla əlaqədar Putinin meyitin verilib-verilməməsi məsələsinə baxmadığını vurğulayıb.

Fevralın 26-da Navalnının qurucusu olduğu Korrupsiya ilə Mübarizə Fondunun sədri Mariya Pevçix açıqlayıb ki, müxalifət lideri Almaniyada çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin qətlə yetirdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Federal Təhlükəsizlik Xidmətinin zabiti Vadim Krasikovla dəyişdirilməsi nəzərdə tutulurdu.

Martın 1-də Aleksey Navalnı Moskvada dəfn edilib. Onunla vida günü ölkə boyu saxlanılmalarla müşayiət olunub.