Suriyadan Türkiyə ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB
“Terrorçuların Qaziantepə hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub”.
“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaralılardan biri xəstəxanada dünyasını dəyişib: “Yaralılarımızın müalicəsi isə davam edir".
Nazir söyləyib ki, raket mərmiləri məktəb ərazisinə də düşüb.
S.Soylu qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri xain hücuma sərt cavab verəcək.
PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 5 raket atıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.