Ağdamda minaya düşən sakinin vəziyyəti ağırdır

Ağdamda minaya düşən sakinin vəziyyəti ağırdır

"Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub".

APA-nın yerli müxbiri xəbər verir ki, bunu Bərdə rayon mərkəzi xəstəxanasının həkimi Rasim Abdullayev bu gün Ağdamda minaya düşən sakin barəsində deyib.

Həkim bildirib ki, xəstə hazırda əməliyyatdadır: "Bu gün saat 11:36 radələrində Ağdam rayon təcili yardım şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına Ağdam rayonunda minaya düşmə hadisəsi ilə bağlı 1995-ci il təvəllüdlü kişi cinsli xəstə gətirilib. Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub. İlkin yardım və müayinələrdən sonra xəstə təcili olaraq əməliyyata qaldırıldı. Hal-hazırda əməliyyatdadır, vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Qeyd edək ki, bu gün 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb.