Bəhruz Məhərrəmov: Prezidentin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslarda çıxışını yol xəritəsi hesab etmək olar

Bəhruz Məhərrəmov: Prezidentin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslarda çıxışını yol xəritəsi hesab etmək olar

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında Prezident İlham Əliyevin çıxışı cari sferada Azərbaycan və müttəfiqləri üçün yeni reallıqda birgə fəaliyyət üçün yol xəritəsi hesab oluna bilər.

Bunu Birxeber.Az-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Azərbaycan Respublikası özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla təmin etmək üzrədir: “Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətə qaz nəql edir. Baxmayaraq ki müəyyən Qərb dairələri uzun illər, Azərbaycanın Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin ötən dövrdə formalaşan tamamilə fərqli reallıq göstərdi ki, Prezident İlham Əliyevin özünün ifadə etdiyi kimi, "bu bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi". Təbii ki, belə çirkab kampaniyalar Azərbaycanın qətiyyətini qıra bilməzdi və cənab İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız gedişlər seriyasına uğurlu cavab oldu. Xüsusən qütblərarası ziddiyyətin artdığı bir məqamda Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar, həmçinin Azərbaycan Prezidentinin iradəsi ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Dövlət başçısının təbirincə desək, Azərbaycan qazına tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Digər tərəfdən, təməlində ilk növbədə Cənub Qaz Dəhlizi layihəsi dayanan Avropada istifadəyə verilmiş interkonnektor layihələri bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verir. Lakin buna baxmayaraq Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür. Azərbaycan Prezidentinin Serbiyaya səfəri çərçivəsində, Serbiya-Bolqarıstan İnterkonnektorunun açılışı zamanı da bəyan etdiyi kimi, “Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır”. Beləliklə, Azərbaycan, hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin dövlət başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı iclasında da bəyan etdiyi kimi, "ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz".

Bəhruz Məhərrəmov qeyd edib ki, bütün bunların fonunda, Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb: “Təsadüfi deyil ki, COP29 kimi mötəbər tədbirə bu il məhz Bakı ev sahibliyi edəcək. Düzdür, anti-Azərbaycan dairələr bu situasiyanı da fürsətə çevirərək qazıntı yanacağı ilə zəngin olan bir ölkənin COP-a ev sahibliyi edə bilməyəcəyi barədə kampaniya başlatdılar. Lakin Bakının mövqeyi kifayət qədər aydındır, "qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız bundan sonra, ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar". Həqiqətən də, Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib. Özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görməsi, beş milli prioritetdən biri kimi “təmiz ətraf mühit və yaşıl artım ölkəsi“ olmaq formasında müəyyən edilməsi, ölkənin Kioto protokolu ilə karbon qazlarının emissiyasının kəskin azaldılması üzrə çox cəsarətli hədəflər müəyyən etməsi ilə iqlim dəyişikliyi mövzusunda Azərbaycan faktiki olaraq BMT-nin müvafiq Çərçivə Konvensiyasının Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirən üzvüdür. Bütün bunların fonunda, hansısa beynəlxalq subyektin, yaxud hansısa qərəzli psevdo-siyasətçinin bəyanatları artıq qəbul olunmuş qərarın mahiyyətinə təsir edə bilməz. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə də cənab İlham Əliyev dünyaya bir daha sübut etdi ki, Azərbaycan qlobal məsuliyyətini dərk edən, əhəmiyyətli hərbi-siyasi gücə malik yeni beynəlxalq oyunçudur. Baxmayaraq ki biz bunu etməyə də bilər və qazıntı yanacağına fokuslanmaqla daha rahat yolu seçərdik. Dövlət başçısının da vurğuladığı kimi "bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir". Lakin Azərbaycan özünün yolunu müəyyən edib, yaşıl enerjiyə keçid sahəsində addımlarla və COP29-a ev sahibliyini üzərinə götürməklə bu işə töhfə verməkdə qətiyyətini ortaya qoyub. Bu gün də bütün işlər şaxəli, lakin daha vacibi, tarazlaşdırılmış şəkildə həyata keçirilir. Bəli, biz yaşıl enerjiyə keçid prioritetimizdə israrlıyıq, lakin ekoloji tarazlığın təmin olunması şərti ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi də qarşımızda vacib vəzifədir”.