COP29 çərçivəsində Azərbaycanla TDT arasında əməkdaşlıq nəzərdən keçirilib - YENİLƏNİB

COP29 çərçivəsində Azərbaycanla TDT arasında əməkdaşlıq nəzərdən keçirilib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Bu barədə "Birxeber.Az"a XİN-dən bildirilib.

Görüşdə C.Bayramov bu qurumun türk dünyasında dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsi baxımından ciddi potensiala malik olduğunu qeyd edərək, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini vurğulayıb.

Nazir türk dünyası ilə əlaqələrimizin genişləndirilməsinin və dərinləşdirilməsinin ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu vurğulayaraq, bu təşkilat çərçivəsində əməkdaşlığın inkişafı üçün bərabər səylər göstərməyə hazır olduğumuzu qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

17:08

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycanın sülhün və sabitliyin möhkəmləndirilməsinə, genişmiqyaslı əməkdaşlığın təşviqinə sadiqliyi qeyd olunub.