Azərbaycan TDT ilə COP29 çərçivəsində əmkdaşlığı nəzərdən keçirib - YENİLƏNİB

Azərbaycan TDT ilə COP29 çərçivəsində əmkdaşlığı nəzərdən keçirib - YENİLƏNİB

2 mart 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə nazir Ceyhun Bayramov bu qurumun türk dünyasında dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsi baxımından ciddi potensiala malik olduğunu qeyd edərək, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini vurğulayıb.

Görüş zamanı nazir türk dünyası ilə əlaqələrimizin genişləndirilməsinin və dərinləşdirilməsinin ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu vurğulayaraq, bu təşkilat çərçivəsində əməkdaşlığın inkişafı üçün bərabər səylər göstərməyə hazır olduğumuzu qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Saat 17:18

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov III Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” platformasında paylaşım edib.

Görüşdə Azərbaycanın sülhün və sabitliyin möhkəmləndirilməsinə, TDT çərçivəsində genişmiqyaslı əməkdaşlığın təşviqinə sadiq olduğu vurğulanıb. Eyni zamanda, TDT-yə üzv dövlətlər arasında ümumi inkişaf potensialının yaradılması müzakirə olunub.