Mövlud Çavuşoğlu: "Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı öncüllüyü bizi sevindirir"

Mövlud Çavuşoğlu: "Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı öncüllüyü bizi sevindirir"

Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin yenidən Prezident seçildikdən sonra andiçmə mərasimində türk dünyasına, Türk Dövlətləri Təşkilatına (TDT) xüsusi önəm verməsi ilə bağlı çıxışından Türkiyədə mən də daxil olmaqla, hər kəs çox məmnun oldu.

Bu fikirləri "Report"un yerli bürosuna III Antalya Diplomatik Forumunda (ADF) iştirak edən Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Mövlud Çavuşoğlu deyib.

ADF-də ilk dəfə TDT mövzusunda panel keçirildiyini vurğulayan Çavuşoğlu paneldə təşkilatın fəaliyyətinin geniş müzakirə edildiyini də bildirib: "Türk Dövlətləri Təşkilatı olaraq dünyadakı digər təşkilatlarla da əməkdaşlığımızı necə inkişaf etdirmək məsələlərini paneldə müzakirə etdik. Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramov da ölkəsinin TDT-yə önəm verdiyini anlatdı. Azərbaycanın bu təşkilatdakı öncüllüyü bizi sevindirir".

M.Cavuşoğlu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın bu il iyulunda Şuşada keçiriləcək qeyri-rəsmi zirvəyə İlham Əliyev tərəfindən dəvət olunmasını da alqışlayıb: "Şimali Kipr Türk Respublikası TDT-nin müşahidəçi üzvü oduğu üçün Şuşaya dəvət edilməsi əslində çox təbiidir. Xüsusilə dünyanın bəzi ölkələrinin qardaş ölkə Şimali Kiprə təzyiqlər etdiyini bilirik. Belə bir şəraitdə İlham Əliyevə Şimali Kipr Türk Respublikasına obyektiv baxışına görə təşəkkür edirik".

M.Çavuşoğlu Azərbaycanın ADF-yə xüsusi dəstək göstərdiyini də vurğulayıb və buna görə təşəkkürünü bildirib.