Energetika naziri: Azərbaycan region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir

Energetika naziri: Azərbaycan region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir

Əlcəzairdə keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VII Zirvə Toplantısında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, P.Şahbazov sammit iştirakçılarına Azərbaycan Prezidentinin salamlarını çatdırıb.

Nazir çıxışında hazırda qlobal qaz bazarının tələbatın əhəmiyyətli dərəcədə artımı ilə müşayiət olunan yeni dövrə qədəm qoyduğunu, təbii qazın və təchizatı şaxələndirən infrastrukturların “təmiz enerji”yə əlçatan, təhlükəsiz və ədalətli keçidin, bərpa olunan enerjiyə əsaslanan enerji sistemlərində sabitliyin həlledici vasitəsi olduğunu qeyd edib.

Nazir deyib ki, Azərbaycan region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə təbii qazı və Cənub Qaz Dəhlizi ilə əhəmiyyətli töhfə verən ölkədir. Bu dəhliz enerji böhranı zamanı tərəfdaşlarının enerji təchizatını diversifikasiya edərək təbii qazın etibarlı mənbədən fasiləsiz tədarükünə zəmanət verən strateji layihə kimi özünü təsdiqləyib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. Eyni zamanda, “yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli enerji siyasətimizin prioritetidir. Strateji hədəfli bu fikirlər, təbii qaz və “yaşıl enerji”yə bərabərhüquqlu yanaşma enerji ölkəsi Azərbaycanın yeni mərhələdə inkişaf manifestidir. Hesab edirik ki, belə bir strategiya nəinki milli səviyyədə, ümumən dünyada da təhlükəsiz və dayanıqlı enerji gələcəyi üçün münasib həllərdəndir”, - nazir əlavə edib.

Həmçinin bu il ölkəmizdə 49 milyard kubmetrə yaxın qaz hasilatının, 24 milyard kubmetrdən çox isə ixracın gözlənilməsi barədə məlumatlar da diqqətə çatdırılıb.

Sammitin yekununda Əlcəzair Bəyannaməsi qəbul olunub. Xatırladaq ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.