Veysi Kurt: "BTQ layihəsindən çox böyük gözləntilərimiz var"

Veysi Kurt: "BTQ layihəsindən çox böyük gözləntilərimiz var"

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu çox önəmli bir dəhlizdir və bu layihədən çox böyük gözləntilər var.

"Birxeber.Az"un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Dövlət Dəmir Yolları (TCDD) Baş Direktoru və İdarə Heyətinin sədri Veysi Kurt bildirib.

Onun sözlərinə görə, bu layihə tək Türkiyə ilə kifayətlənmir: "Çindən İngiltərəyə qədər coğrafiyanı əhatə edir. Bu dəhlizi inkişaf etdirmək üçün hər üç ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Axalkalakidə bu gün görüşlər keçirilib".

V. Kurt xatırladıb ki, Azərbaycan, Gürcüstan və Türkiyə, Çindən Avropaya yüklərin daha tez çatdırılmasına xidmət edən Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsinə başladı: "2017-ci ildə dövlət başçılarının birgə iştirakı ilə BTQ dəmir yolu üzrə ilk qatar Azərbaycandan Türkiyəyə yola salındı. Bu böyük tarixi hadisə idi və bu layihədən dünyanın bütün ölkələri bəhrələnirlər".

Onun sözlərinə görə, ötən il müəyyən səbəblərdən xəttə problemlər yaranmışdı və Azərbaycan tərəfinin səyi nəticəsində yaranan problem aradan qaldırıldı: "Bu gün artıq bir daha şahidi olduq ki, işlər həqiqətən də yüksək səviyyədə həyata keçirilir və yaxın zamanda biz bu yüklərin daşınmasına başlayacağıq".

V. Kurt vurğulayıb ki, BTQ-nin modernləşməsi yaxın vaxtlarda tam başa çatdıqdan sonra yükdaşımaların həcmi daha da artacaq və bu da hər üç ölkənin iqtisadiyyatının güclənməsinə səbəb olacaq.
.