Rövşən Rüstəmov: "BTQ dəmiryolu xəttinin tam modernləşdirilməsi 2 aya yekunlaşacaq"

Rövşən Rüstəmov: "BTQ dəmiryolu xəttinin tam modernləşdirilməsi 2 aya yekunlaşacaq"

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin tam modernləşdirilməsi və buraxılış gücünün 5 milyon tona çatdırılması istiqamətində görülən işlərin 95 %-ə qədəri artıq başa çatdırılıb.

"Birxeber.Az"un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanda səfərdə olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, qarşıdakı iki ay ərzində layihə işlərinin tam başa çatdırılması nəzərdə tutulub.

"Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ötən ilin əvvəllərindən BTQ-nin modernləşdirilməsi və layihə tutumunun genişləndirilməsi üzrə işlərə başlanılıb", - ADY rəhbəri bildirib.

R.Rüstəmov əlavə edib ki, layihə 5 mərhələdən ibarət olub və artıq onun 3 mərhələsi başa çatdırılıb: "Bununla bağlı Gürcüstan höküməti tərəfindən müvafiq təsdiqedici sənədlər alınıb. Son olaraq Axalkalaki stansiyası üzrə sonuncu mərhələdə işlər başa çatmaq üzrədir. Qalan işlərin də 2 ay ərzində başa çatdırılması nəzərdə tutulub".

Bildiriıib ki, Orta Dəhlizin ən önəmli hissələrindən birini təşkil edən BTQ Çindən Avropaya, eləcə də əks istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaradır.

"BTQ dəmir yolu xəttinin qarşıdakı aylarda istifadəyə veriləcəyi andan etibarən, bu marşrutla kifayət qədər böyük həcmdə Avropa və Çin yüklərinin gətirilməsi üzərində çalışmalar aparılır.

Bu yolun ölkəmizə gətirəcəyi ən böyük faydalardan biri məhz tranzit yüklərin həcminin artırılmasından ibarət olacaq". - deyə, R.Rüstəmov vurğulayıb.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.