MN-dəki 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə: "Pulu verirdim, o da məsələləri inspeksiyanın rəisi ilə həll edirdi"

MN-dəki 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə: "Pulu verirdim, o da məsələləri inspeksiyanın rəisi ilə həll edirdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesə şahid qismində Fəraim Sərkərov çağırılıb.

Hakim bildirib ki, bu cinayət işi üzrə Fəraim Sərkərov təqsirləndirilən şəxs qismində cəlb edilib və daha sonra onun işi ayrıca icraata verilib.

Qeyd olunub ki, bu səbəbdən onun dindirilməsi şahid kimi yox, təqsirləndirilən şəxs kimi alınmalıdır. Fəraim Sərkərov qeyd edib ki, 2010-cu ildən Müdafiə Nazirliyində zabit kimi çalışmağa başlayıb:

"3-cü ordu korpusunda, Zirədə yerləşən Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində maliyyə xidməti rəisinin köməkçisi işləmişəm. 2018-ci ildən 2022-ci ilin fevralına qədər Müdafiə Nazirliyinin Ağcabədidə yerləşən N saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışmışam. 2022-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatda saxlanılmışam. 8 ay ərzində dövlətə vurduğum ziyanı tam ödəmişəm. Bu səbəbdən barəmdə başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilməklə azadlığa buraxılmışam".

Prokurorun suallarını cavablandıran Fəraim Sərkərov deyib ki, işlədiyi dövrdə maliyyə pozuntularına yol verib:

"Əlavə sifarişlər yazırdıq, həmin məbləğin 30 faizini təftişə, 20 faizini də maliyyələşməyə vermişəm. İşlədiyim dövrdə ümumilikdə 594 min manat ziyan vurulub, həmin məbləğdən də 208 094 manat mənə çatıb. Həmin ziyanı da tam ödəmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, işlədiyi dövrdə rəisləri Cəlal Kazımov və Rasim İbrahimov olub:

"Bütün pulları onların vasitəsilə təftişə vermişəm. İşlədiyim vaxt Maliyyə Büdcə İdarəsinin təftişindən başqa nazirlik tərəfindən iki dəfə inspeksiya gəlib. Həmin vaxtda əlavə olaraq 25 min manat pulu Cəlal Kazımova vermişəm".

Cəlal Kazımov da buna münasibət bildirib. O qeyd edib ki, Fəraim Sərkərovu maliyyə xidmətinin rəisi təyin olunması üçün təqdimatı o verib:

"Fəraimdə yalan yoxdur. O vaxt artıq olan məbləğin 20 faizini maliyyələşmənin rəisinə, 30 faizi isə təftişin rəisinə çatıb. Həmin məbləğləri maliyyə xidmətinin rəisləri mənə verib, mən də onlara vermişəm. Heç kimdən əlavə pul alınmayıb, əlavə tapşırıqlar verilməyib. İnspeksiya pullarına gəlincə isə deyim ki, nazirlik tərəfindən bizim yoxlamadan başqa inspeksiyalar göndərilirdi. İnspeksiyalar yalnız nazirin əmri olurdu, onlar birbaşa nazirə tabedir. Yoxlamalar gələn zaman tabeliyində olan maliyyə xidmət rəisləri məlumat verirdi. Onlar pulları göndərirdi, mən də həmin məbləğləri Rəfail Xələfova verirdim. O da məsələləri inspeksiyanın rəisi Namiq Poladovla həll edirdi, beləcə problem aradan qalxırdı".

Vəkillərin suallarını cavablandıran Fəraim Sərkərov qeyd edib ki, artıq məbləğləri nağd şəkildə, ya da "ölü canlar" adlandırılan kartlar vasitəsi ilə çıxarıb:
"Müxtəlif dövrlərdə ümumilikdə 14 kart açılıb, həmin məbləğlər çıxarılaraq nağdlaşdırılıb. Həmin pullar da təftiş zamanı hesablanıb".

Prosesdə daha sonra N saylı hərbi hissənin maliyyə xidmət rəisi Fərid Abdullayev dindirilib.

O bildirib ki, 2021-2022-ci illər arasında maliyyə xidməti rəisi olduğu hərbi hissədə artıq sifarişlər yazılaraq pullar mənimsənilib:

"Həmin dövr ərzində ümumlikdə 67 min manat yeyinti aşkar edilib. Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda iştirak etmişəm. Həmin yoxlama ilə razıyam. Dövlətə dəymiş ziyan tam olaraq ödənilib".

Şahid ödənişin qəbzlərini məhkəməyə təqdim edib.

Prosesdə hazırda Mərkəzi Ərzaq Anbarının maliyyə xidmətinin rəisi Səftər Əmirov da ifadə verib.

O bildirib ki, N saylı hərbi hissədə çalışdığı dövrdə artıq şifarişlər yazılaraq pullar mənimsənilib:

"Həmin məbləğlərin təftiş zamanı 50 faizi geri qaytarılıb. İşlədiyim hərbi hissədə mənimsənilən ümumi məbləğ 153 min manat olub. Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda iştirak etmişəm və yoxlamanın nəticəsi ilə razılaşmışam. Həmin puldan 67 512 manat mənə çatıb. Dövlətə vurduğum ziyandan 52 800 manat ödəmişən. Qalan məbləği yaxın zamanlarda ödəcəyəm".

Prosesdə iştirak edən şahidlərin dindirilməsinin qapalı keçirilməsi ilə bağlı vəkillərin vasətət təmin edilib.


Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.