Azərbaycanla İraq konsulluq məsləhətləşmələri aparıb

Azərbaycanla İraq konsulluq məsləhətləşmələri aparıb

Azərbaycan və İraq xarici işlər nazirlikləri arasında martın 1-də ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə "Birxeber.Az"a Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, İraq nümayəndə heyətinə isə İraq XİN-in Konsulluq idarəsinin rəisi Ahmed Ali Ameen Al-Sadi rəhbərlik edib.

Məlumata əsasən, konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İraq ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Qeyd olunub ki, məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi, məhkum olunmuş şəxslərə zəruri konsulluq yardımının göstərilməsi sahəsində səylərin gücləndirilməsi, o cümlədən məhkum olunmuş şəxslərin verilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi mövzularında müzakirələr aparılıb.

O da vurğulanıb ki, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsi aparan tərəflər, həmçinin iki ölkə arasında miqrasiya, ədliyyə və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bağdad şəhərində keçirilməsinə dair razılıq əldə olunub.