Premyer Liqa: günün hər iki oyunu Bakıda keçiriləcək

Premyer Liqa: günün hər iki oyunu Bakıda keçiriləcək

Azərbaycan Premyer Liqasında bu gün XXV turun daha iki oyunu keçiriləcək.

“Report”un məlumatına görə, hər iki görüş Bakıda baş tutacaq.

Əvvəlcə “Zirə” doğma meydançasında “Turan Tovuz”u qəbul edəcək. Qalibiyyətsiz oyunlar seriyasına ötən turda son qoyan Rəşad Sadıqovun yetirmələri liderlər qrupundan uzaqlaşmamaq üçün hesabına 3 xal yazdırmalıdırlar. Əks təqdirdə, tovuzlular dördüncü pillədəki rəqibi ilə fərqi 1 xala endirəcək. Hazırda “Zirə”nin 35, “Turan Tovuz”un isə 31 xalı var.

Eyni xalla (31) turnir cədvəlində qonşu olan “Sabah”la “Araz-Naxçıvan” birincilərin meydançasında qarşılaşacaqlar. Qalib gələn tərəf yuxarı pillələrə yaxınlaşmaq imkanı əldə edəcək.

Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1) məğlub edib. Tura martın 3-də keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Premyer Liqa
XXV tur
2 mart (şənbə)

16:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İK stadionu

18:30. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bank Respublika Arena”