Sumqayıt sakini qohumunu qətlə yetirib, daha sonra intihara cəhd edib - TƏFƏRRÜAT - YENİLƏNİB-2

Sumqayıt sakini qohumunu qətlə yetirib, daha sonra intihara cəhd edib - TƏFƏRRÜAT - YENİLƏNİB-2

1976-cı il təvəllüdlü şəxs (kişi cinsli) sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Bu barədə Birxeber.Az-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Qeyd edilib ki, orta ağır vəziyyətdə olan həmin şəxsə zəruri tibbi yardımlar göstərilib. Daha sonra isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə edilib.

***

19.55

Sumqayıtdakı qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

Birxeber.Az xəbər verir ki, bu gün arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib.

Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içərək intihara cəhd edib.

Onun vəziyyəti ağırdır.

***

19.13

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Sumqayıt şəhər prokurorluğundan Birxeber.Az-ya verilən xəbərə görə, martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Nicat Salahovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

18:57

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Birxeber.Az-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilininən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Qətlə yetirilən şəxslə C.Rzayev onun qohumu olub.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.