Qərbi Azərbaycan Xronikası: “Basarkeçər-İrəvan yolundan millətçi erməni silahlıları keçirdilər”

Qərbi Azərbaycan Xronikası: “Basarkeçər-İrəvan yolundan millətçi erməni silahlıları keçirdilər”

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, “Qara çantamda “Bir gəncin manifesti” və Füzulinin “Seçilmiş əsərləri”ni götürdüm” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kənd sakini Rizvan Nəbiyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərinin kənddə, Göyçə gölünə tökülən kiçik çaylarda balıq tutmaqla keçdiyini, qışda xizəklə sürüşdüklərini bildirib, kəndin məhəllələri, tayfalarından danışıb, 1948-1953-cü illərdə azərbaycanlılar Qanlı kəndindən qovularkən onların örüşü, otlağı, əkin sahələri qonşu kəndlər arasında bölüşdürüldüyünü deyib:

“Kəndin adı soyqırımına məruz qalıb. Kəndin adı 3 dəfə - Qanlı, Qamışlı və Torfavan olaraq dəyişdirilib. Kənddə bir neçə yerdə olan alban qəbiristanlığındakı xaçlar erməni xaçlarından tamamilə fərqlənirdi”.

Onun sözlərinə görə, Qanlı kəndindən ailəlikcə 1988-ci il dekabrın 3-də qovulub:

“Proseslər 1988-ci ilin fevralından başladı, yayda rayondan kəndə gələn ərzaq məhsulları dayandırıldı. 1988-ci ilin payız ayında isə artıq kənd tam şəkildə blokadaya alındı. Kəndimiz Basarkeçər-İrəvan yolunun sağ tərəfində yerləşdiyindən buradan davamlı olaraq silahlı millətçi erməni dəstələri keçirdilər. Artıq noyabrın sonunda kəndə hücumlar oldu. Orada yandırılan evlər mənim gözümün qarşısındadır. Biz dekabrın 3-də kəndi tərk etdik, 6 nəfərlik ailə kiçik yük maşınında gəldik. Soyuqlu dekabr günündə Gədəbəy rayonunun Saratovka kəndinə, oradan Oğuz rayonuna, nəhayət 1989-cu ilin mart ayından Bakıda məskunlaşdıq. Biz qaçqınlıq həyatından sonra Azərbaycan SSR-də də didərginlik həyatı yaşamışıq”.

R.Nəbiyev köçəköç başlayanda qara çantasında ailə kitabxanasından bir neçə kitab götürdüyünü bildirib:

“Onlardan biri Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəridir. Bu kitabı mən elə həmin ilin yay fasiləsində oxumuşdum və burada olan hadisələrdən çox təsirlənmişdim. Götürdüyüm digər bir kitab isə Füzulinin “seçilmiş əsərləri” olub. Bu kitab isə mənə 1986-cı ildə bayram günlərinin birində hədiyyə olunmuşdu. Bu kitablar mənimlə qaçqınlıq həyatı yaşayıb. Bu gün bu kitabları “Ədibin evi”nə bağışlayıram”.

O, Almaniyaya təhsil aldığı və tədqiqatlar apardığım müddətdə vaxt türkşünas və şərqşünas alman alimlərlə tanış olduğunu, bir yerdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı, təcavüzü ilə bağlı 15-ə yaxın kitabda dolğun məlumatlar yer aldığını da söyləyib.

R.Nəbiyev yenidən kəndə qayıdaraq, oxuduğu məktəbə, rayon mərkəzinə xəyali səfər etmək, kitab, şirniyyat mağazalarına getmək istəyini vurğulayıb:

“Basarkeçər bizim əcdadlarımızın məskunlaşdığı doğma yerimizdir. Bizim Qərbi Azərbaycandan qovulmağımız, deportasiya keçən əsrdə 4 dəfə olub. Hər dəfə də bizim insanlarımız müəyyən mərhələdən sonra qayıdıblar, o torpaqları dirçəldiblər. Biz də Vətən didərgini kimi dönüş hüququndan istifadə edəcəyik. Bunun üçün müddətə ehtiyac var. Buna inam bizim insanlarda çox güclüdür. Çünki bu, bizim dədə-babalarımızdan qalmış ərazilərdir. Bizim ailənin Göyçəyə, doğma Qanlı kəndinə qayıtmağına böyük əminlik var. Bu, bizim tarixdən qaynaqlanır. Atalarımız, atalarımızın ataları və biz özümüz qovulmuşuq, amma yenə qayıtmışıq. Tarix göstərir ki, biz yenidən həmin tarixi yaşamalıyıq. Çünki bizim orada yarımçıq qalmış “Həyat Hekayəmiz” var. Həmin hekayəni indi övladlarımızla bir yerdə yaşamaq üçün bizim ora dönüşümüz zərurətdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə: