Nazir: Azərbaycanın qaz rezervləri sual altında deyil

Nazir: Azərbaycanın qaz rezervləri sual altında deyil

Azərbaycan Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizini (CQD) genişləndirmək niyyətindədir.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, CQD-nin genişləndirilməsi istiqamətində artıq müvafiq işlər aparılır. “Bugünkü görüş, danışıqlar və görülən işlərin hamısı buna yönəldilib”, - nazir qeyd edib.

O əlavə edib ki, Azərbaycanın qaz ehtiyatları sual altında deyil, ölkə kifayət qədər qaz ehtiyatlarına malikdir. “Biz bu rezervuarı Avropada mövcud olan istəklərə uyğun planlaşdırmalıyıq”, - nazir vurğulayıb.

Nazirin sözlərinə görə, CQD-nin birinci fazası fərqli şəkildə həyata keçirilirdi - uzunmüddətli müqavilələrin mövcudluğu, Avropa institutları tərəfindən maliyyə dəstəyi və s. - lakin hazırda Avropada bu istiqamətdə siyasət dəyişib, belə ki, maliyyə institutları bu cür layihələrə dəstək göstərmir, qazın alışı isə qısamüddətli müqavilələr əsasında həyata keçirilir.

“Əlbəttə ki, bunlar hamısı bizim bu məsələdə yanaşmamıza təsir göstərib və biz bütün bu faktları nəzərə alaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsini həyata keçiririk”, - Pərviz Şahbazov əlavə edib.