Komissar: Avropa ölkələri Azərbaycan qazının ixracının artırılması ilə bağlı kollektiv ambisiyalarını ifadə edib

Komissar: Avropa ölkələri Azərbaycan qazının ixracının artırılması ilə bağlı kollektiv ambisiyalarını ifadə edib

Azərbaycan vacib bir zamanda bu konfransa növbəti dəfə ev sahibliyi edir.

Birxeber.Az xəbər verir ki, bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il Avropaya ixrac olunan Azərbaycan təbii qazının həcmi 11 milyard kub metr olub.

Kadri Simson deyib ki, Azərbaycan qazı Avropanın enerji tranzitində də vacib rol oynayır.

Aİ komissarı qeyd edib ki, Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Avropanın enerji bazarı Rusiyanın manipulyasiyasına məruz qalıb: “Bu manipulyasiya qarşı mübarizədə bizim etibarlı tərəfdaşlarımız yardım etdi, Azərbaycan kimi tərəfdaşlarımız Avropanın qaz marketinin stabilləşdirilməsində rol oynadı. Bizim bu istiqamətdə dialoqumuz davam edəcək”.

Kadri Simson əlavə edib ki, Avropa ölkələri də bugünkü müzakirələrdə Azərbaycan qazının ixracının artırılması ilə bağlı kollektiv ambisiyalarını ifadə ediblər: “Hədəf hazırkı rəqəmi yaxın gələcəkdə 20 milyard kub metrə çatdırmaqdır”.