Qod Nisanova “Dostluq” ordeni təqdim edilib

Qod Nisanova “Dostluq” ordeni təqdim edilib

Azərbaycanın Rusiyadakı səfirliyində rusiyalı iş adamı Qod Nisanova “Dostluq” ordeni təqdim edilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, Q.Nisanova mükafatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Qod Nisanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Təqdimat mərasimində çıxış edən P.Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin mühüm rolunu qeyd edib:

“Fəxr edirik ki, Azərbaycandan olan insanlar vətənimizi layiqincə təmsil edirlər. Biz sizin uğurunuzdan çox razıyıq və sizə daha böyük uğurlar arzulayırıq”.

Q.Nisanov qeyd edib ki, aldığı mükafat təkcə ona deyil, bütün azərbaycanlılara məxsusdur:

“Dostluq” ordeni mənim üçün simvolikdir. Bu, təkcə mənim deyil, Azərbaycanı dəstəkləyən bütün soydaşlarımın mükafatıdır. Azərbaycan bizim bir parçamızdır, həyatımızın bir parçasıdır. Harada olsaq da, taleyimiz Azərbaycanla bağlıdır”.