FHN Akademiyasında Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı beynəlxalq seminar keçirilib

FHN Akademiyasında Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı beynəlxalq seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Müasir şəraitdə mülki müdafiə: problemlər və perspektivlər” mövzusunda videokonfrans rejimində III beynəlxalq seminar keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, seminarda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd mülki müdafiə üzrə müvafiq qurumlar arasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və onların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi olub.

Tədbirdə çıxış edənlər əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını diqqətə çatdıraraq, bu kimi tədbirlərin əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verdiyini qeyd ediblər. Bildirilib ki, hazırda mülki müdafiə dövlətin ən mühüm funksiyalarından biri, müdafiə quruculuğunun və ölkənin təhlükəsizliyinin təmin edilməsinin tərkib hissəsidir. İnsanların təhlükəsizliyi və təsərrüfat obyektlərinin dayanıqlı fəaliyyəti mülki müdafiənin necə təmin olunmasından aslıdır. Bu məqsədlə böyük yanğınlar, texnogen və təbii fəlakətlər, terror aktları və digər fövqəladə hallarla səmərəli mübarizə aparmaq üçün qüvvə və vasitələrin daim hazır vəziyyətdə saxlanılması, təlim və məşğələlərin keçirilməsi, əhalinin maarifləndirilməsi zəruridir.

Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.