Beşinci respublikanın aqoniyası: Fransanı iqtisadi tənəzzülə aparan yol
Müxtəlif faktorların təsiri altında qlobal iqtisadiyyatda cərəyan edən böhran ayrı-ayrı milli iqtisadiyyatlara öz mənfi təsirini göstərir. Bu, Avropa İttifaqının (Aİ) aparıcı iqtisadiyyatlarına, o cümlədən Fransaya da aiddir. “Beşinci respublika”nın ən ağır günlərindən birini yaşadığını desək yanılmarıq.
Ölkə faktiki olaraq kəskin qiymət artımı burulğanına düşüb. Ötən ay istehlak inflyasiyası daha da sürətlənərək 6,2 %-ə çatıb. Hesabat ayında enerji daşıyıcılarının qiyməti 5,8 %, benzinin – 6,9 %, ərzağın – 1,7 % artıb. Bir il əvvəlki qiymətlərlə müqayisədə ərzaq 12 %, enerji daşıyıcıları 19,1 %, xidmətlər 3,1 % bahalaşıb. Oktyabrda supermarket və hipermarketlərdə ərzaq məhsullarının qıtlığının səviyyəsi 5,8 % artıb. Bu, göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz bəndi çoxdur. Fransız vətəndaşları çatışmayan məhsulları almaq üçün 3-4 gün gözləməli olurlar.
Dünyanın ən iri şüşə qablar istehsalçısı ("Luminarc" markasının sahibi) Fransanın şimalından ən iri işə götürənlərdən biri olan “Arc İnternational” şirkəti ciddi böhran içindədir. Şirkət təbii qaz və elektik enerjisi istehlakına görə hesabları ödəmək iqtidarında deyil. Bu yay elektrik enerjisi üçün hesablar 75 milyon ABŞ dollara çatıb. Halbuki, bir il əvvəl bu göstərici 19 milyon avro təşkil edib. Şirkət istehsalı və işçiləri ixtisar etmək məcburiyyətində qalıb. Artıq 4 mindən çox əməkdaşını işdən çıxarıb. 1825-ci ildə yananan “Arc İnternational”ın prezidenti Nikolas Xodler şirkətin bu günə kimi belə böhranlı durumla qarşılaşmadığını bəyan edib.
Fransada elektrik enerjisinin topdan satış qiyməti bu yay tarixdə ilk dəfə olaraq 1 meqavatt/saat üçün 1 000 ABŞ dollarını keçdi. Bu, ötən illə müqayisədə 10 dəfədən çoxdur. Ölkədə istehsal olunan elektrik enerjisinin 70 %-i atom elektrik stansiyalarının payına düşür. Həmin stansiyalarda köhnələn infrastrukturu yeniləmək mümkün olmadığından 56 mövcud reaktordan 26-sı söndürülüb. Nəticədə son bir neçə onillikdə ilk dəfə olaraq ölkənin elektrik enerjisi balanısında defisit (idxal ixracı üstələyib) yaranıb. Bu qış Fransa ilk dəfə olaraq elektrik enerjisini xaricə satmaq yerinə onu idxal edəcək.
Yüksək inflyasiya əhalinin rifahının kəskin pisləşməsinə gətirib çıxarıb. Fransanın “Secours Populaire” xeyriyyə təşkilatının sifarişi ilə IPSOS (Beynəlxalq Marketinq və Sosial Tədqiqatlar İnstitutu) tərəfindən aparılan sorğuya əsasən fransızların 20-25 %-i qiymət artımının onların ailə büdcəsini məhv etdiyini deyib. Adətən çətin vəziyyətə düşəndə fransızlar ilk olaraq qohum və dostlardan borc alırlar. Sorğuda iştirak edənlərin 35-36 %-i artıq bunu etdiyini deyib. Yaxın çevrədən borc almaq imkanları tükənəndən sonra isə insanlar təbii olaraq banklara müraciət etməli olurlar. Avrozonada tarixi maksimumlara çatan inflyasiyanı cilovlamaq üçün Avropa Mərkəzi Bankı uçot dərəcəsini sistematik olaraq artırır. Hazırda bu göstərici 2 % həddindədir. Yuxarı uçot dərəcəsi Fransa kimi yüksək dövlət borcu (3 trilyon avroya yaxın, ÜDM-nin 112 %-ni təşkil edir) olan ölkə üçün ciddi problem yaradır. Ölkə dövlət borcunun xidmət olunmasında ciddi çətinliklərlə qarşılaşa bilər. Eyni zamanda borclanmanın bahalaşması sadə fransızların kredit yükünü daha da artırır və onların həyat şəraitini ağırlaşdırır.
Buna etiraz əlaməti olaraq ölkədə bir aya yaxındır kütləvi tətillər baş verir. Tətilçilər əmək haqlarının və sosial ödənişlərin artırılmasını tələb etməklə yanaşı hökümətin irəli sürdüyü pensiya islahatına etiraz edirlər. Fransada ÜDM-nin 14 %-ə yaxını pensiya ödənişlərinə xərclənir. Bu, digər Avropa ölkələrinin orta göstəricisindən əhəmiyyətli dərəcədə çoxdur. İqtisadi çətinlik fonunda pensiyaya çıxmaq yaşının 62-dən 64 yaşa kimi artırılması nəzərdə tutulur. Senat artıq bu təşəbbüsə hə deyib. Fransa prezidenti Emanuel Makron isə son müsahibələrindən birində pensiya islahatını şərh edərkən “əgər bizim ömrümüz uzanıbsa, deməli daha çox işləməliyik” deyib. Cəmiyyət bu cür yanaşmanı kifayət qədər utanmaz adlandırır.
Fransa rəhbərliyinin aqoniyasının kulminasiyası, ötən həftə Misirdə keçirilən ekoloji sammit çərçivəsində Makronun Venesuela dövlət başçısı Nikolas Maduroyla səmimi görüntüləri oldu. 2019-cu ildə Maduronu “qeyri-leqetim rəhbər” adlandıran Makron söhbət zamanı ona pezident deyə müraciət edərək onunla əl tutuşurdu. Yelisey sarayının administrasiyası dərhal məsələyə münasibət bildirərək Fransa prezidentinin bu addımı Maduronu müxalifətlə dialoqa yönləndirmək üçün etdiyini bildirərək neftdən bir kəlmə də deməyib. Solçu siyasətçi LFI partiyasının lideri Jan-Lük Melanşon Fransa prezidentinin yanaşmasının dəyişməsinə diqqət çəkərək neftə olan ehtiyacın insanları daha nəzakətli etdiyini deyib. Siyasətçi faktiki olaraq Fransa prezidentini ikiüzlükdə ittiham edib.
Beləliklə, Fransa iqtisadiyyatındakı böhranın getdikcə dərinləşəcəyi şübhə doğurmur. Bunu Avropa Komissiyası da yaxşı görür. Qurumun son proqnozuna əsasən gələn il Fransa iqtisadiyyatı cəmi 0,4 % artacaq. Halbuki, daha əvvəl bu göstəricinin 1,4 % həddində olacağı proqnozlaşdırılır. İşsizliyin 8,1 % olacağı gözlənilir bu da 2021-ci ildən bu yana ən yüksək göstərici olacaq. Nəzərə almaq lazımdır ki, sənayeni xilas etmək üçün Fransaya 100 milyaradlarla avro borc cəlb etmək lazım gəldikdə yüksək dövlət borcundan və büdcə kəsirindən dolayı bunu etmək müşükül olacaq. Ehtimal etmək olar ki, beşinci respublika qarşıda ciddi sosial-iqtisadi və siyasi təllatümlərlərlə üzləşə bilər.