Azərbaycan millisinin baş məşqçisi: Bakıda qazandığımız uğuru Litvada da təkrarlamaqda israrlıyıq

Azərbaycan millisinin baş məşqçisi: Bakıda qazandığımız uğuru Litvada da təkrarlamaqda israrlıyıq

Bakıda keçirilən matç göstərdi ki, biz Litva səviyyəsində olan komandalara qarşı bərabər səviyyədə oynaya bilirik. Səfər görüşündə də Bakıda qazandığımız uğuru təkrarlamaqda israrlıyıq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın qadınlardan ibarət həndbol millisinin baş məşqçisi Aleksandr Revva deyib.

Rusiyalı mütəxəssis Litva ilə martın 3-də səfərdə keçiriləcək Avropa çempionatının seçmə mərhələ görüşü öncəsi komandanın hazırlıq səviyyəsini dəyərləndirib: “Bakıdakı matç zamanı hazırlaşmaq üçün bir həftə vaxtımız var idi. Təəssüflər olsun ki, hələ də zədəsini sağalda bilməyən oyunçularımız var. Buna baxmayaraq, düşünürəm ki, Litva millisi ilə matçlara yaxşı hazırlaşmışıq. Komandamızın hücum və müdafiə fəaliyyətini təhlil etmişik".

A.Revva millinin seçmə mərhələdəki şanslarını dəyərləndirib: “Digər iki rəqibimiz İspaniya və Şimali Makedoniya yığmaları Avropa və dünya çempionatlarının daimi iştirakçılarıdır. Bizim üçün belə komandalara qarşı mübarizə aparmaq olduqca çətindir. Qrupda 3-cü olmağa çalışacağıq. Bunu bacarsaq, Avropa çempionatına vəsiqə qazanmaq şansımız olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi yer aldığı 5-ci qrupun fevralın 28-də Bakı İdman Sarayında keçirilən III turunun oyununda Litvanı 35:33 hesabı ilə məğlub edib. Komanda daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.