Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanma mərasimi iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında keçirilən görüşdə baş tutub.

Sənədə əsasən Azərbaycan və Albaniya arasında prioritet layihələr, o cümlədən ticarət, investisiya, enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, turizm, ətraf mühit, humanitar və digər istiqamətləri üzrə əməkdaşlığın təşviqi nəzərdə tutulur.

Görüşdə Albaniya ilə əlaqələrin inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların önəmi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi ikitərəfli münasibətlər kontekstində mühüm yer tutur. Bu baxımdan işgüzar səfərlərin, görüşlərin və müxtəlif formatlarda tədbirlərin təşkili səmərəli iqtisadi tərəfdaşlığın qurulmasında faydalıdır.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, Albaniya ilə enerji, ticarət, investisiya, sənaye, aqrar, turizm, nəqliyyat və infrastruktur sahələrində tərəfdaşlığın gücləndirilməsi potensialı diqqətə çatdırılıb.

Tərəflər ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə müzakirə aparıblar.