Rubinyan: Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ biliblər

Rubinyan: Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ biliblər

Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ biliblər.

“Birxeber.Az” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Antalya vilayətində III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışan Rubinyan ümid etdiyini bildirib ki, tərəflər lazımi nəticələrə nail ola biləcəklər.

O xatırladıb ki, Ermənistan və Azərbaycan sülhün əsas prinsipləri üzrə artıq razılığa gəliblər - bu, Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması, suverenlik prinsipi əsasında regional kommunikasiyaların açılmasıdır: “Əgər biz iki ölkə başçılarının artıq razılaşdırdıqları prinsipləri sazişə daxil edə bilsək, o zaman sülhə tez nail ola bilərik”.

Xüsusi nümayəndə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasından danışaraq qeyd edib ki, belə həssas məqamda ən vacib məsələ razılaşmaların həyata keçirilməsidir.

Rubinyanın sözlərinə görə, gələcəkdə Ermənistanla Türkiyə arasında razılaşmalar əldə olunarsa, onların həyata keçirilməsi zəruridir.

O qeyd edib ki, xalqların bir-birinə inam səviyyəsinin aşağı olmasına baxmayaraq, tərəflər münasibətləri normallaşdırmağa çalışır: “Biz bu prosesi davam etdiririk və ümid edirəm ki, Sərdar Kılıçla mən birlikdə qarşıya qoyduğumuz məqsədə - Ermənistanla Türkiyə arasında münasibətlərin tamamilə normallaşmasına və diplomatik münasibətlərin qurulmasına nail olacağıq”.