Kann Beynəlxalq Yaradıcılıq Festivalının “Young Lions” müsabiqəsi Azərbaycanda keçiriləcək

Kann Beynəlxalq Yaradıcılıq Festivalının “Young Lions” müsabiqəsi Azərbaycanda keçiriləcək

Dünyanın ən nüfuzlu festivallarından olan Kann Beynəlxalq Yaradıcılıq Festivalının gənc yaradıcılar üçün nəzərdə tutulmuş “Young Lions” müsabiqəsi Mədəniyyət Nazirliyi dəstəyi ilə Azərbaycanda keçiriləcək.

Nazirlikdən Birxeber.Az-ya verilən xəbərə görə, “Young Lions” müsabiqəsi film, rəqəmsal, dizayn, print, media və s. olmaqla bir çox kateqoriyalar üzrə həyata keçirilir. Azərbaycanda keçiriləcək növbəti “Young Lions” müsabiqəsində isə komandalar “Film”, “Dizayn” və “Print” olmaqla üç kateqoriya üzrə mübarizə aparacaqlar.

1995-ci ildən bəri dünyanın müxtəlif ölkələrində təşkil olunan bu müsabiqə 30 yaşadək (21 iyun 1993-cü il təvəllüd və ya daha sonra doğulanlar) yaradıcı şəxslərin komanda şəklində qatılması üçün nəzərdə tutulub.

Müsabiqəyə müraciət etdikdən dərhal sonra veriləcək xülasəyə əsasən təyin olunmuş müddət ərzində xülasə dolğun şəkildə izah edəcək çalışmalar göndərilməlidir.

Təqdim olunan işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. “Print” kateqoriyası üzrə xülasə “SOCAR Polymer”, “Film” kateqoriyası üzrə xülasə Mədəniyyət Nazirliyi və “Dizayn” kateqoriyası üzrə xülasə isə “Code Academy” tərəfindən komandalara təqdim olunacaq.

Qeydiyyat 27 mart 2024-cü il tarixinədək qüvvədədir və müsabiqədə iştirak etmək üçün artıq 40-dan çox komanda qeydiyyatını tamamlayıb.

“Young Lions” Azərbaycan müsabiqəsinin qalib komandaları (3 komanda) cari ilin iyun ayında Fransanın Kann şəhərində keçirilən qlobal müsabiqədə iştirak etmək şansı qazanacaqdır. Bu vasitə ilə Azərbaycanın yaradıcı gəncləri də öz istedadlarını bütün dünyaya nümayiş etdirmək şansını qaza bilərlər. Həmin müsabiqə çərçivəsində ölkəmizi təmsil edəcək komandalar digər ölkələrin “Young Lions” qalibləri ilə yarışacaqlar.

Müsabiqənin mükafatlandırılma mərasimi aprelin 13-də Nizami Kino Mərkəzində baş tutacaq. Biletlər tezliklə www.canneslions.az vebsaytında satış üçün təqdim olunacaq.

Məlumat üçün: Qeydiyyatdan keçən komandalar ödənişsiz olaraq spikerlərin çıxışlarını dinləmək və tədbirə qoşulmaq imkanlarını əldə edəcəklər.

Tədbir haqqında yeniliklərdən sosial media vasitəsilə xəbərdar olmaq üçün “Young Lions Azerbaijan” səhifəsini izləyə bilərsiniz.

Qeydiyyat üçün link: https://www.canneslions.az/register-form