Gəncə Dövlət Filarmoniyasında "Musiqi kimliyimiz" layihəsi baş tutub

Gəncə Dövlət Filarmoniyasında "Musiqi kimliyimiz" layihəsi baş tutub

Mədəniyyət Nazirliyi Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə "Musiqi kimliyimiz" layihəsi baş tutub.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, layihənin ilk günü Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində "Dastan axşamı" ədəbi-bədii keçirilib.

Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov, ilk növbədə, aşıq sənətinə olan dövlət qayğısından söhbət açıb. O, Azərbaycan Aşıq Sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil olmasının ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımın göstərdiyi qayğının nəticəsi olduğunu bildirib.

Layihənin keçirilməsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi və Azərbaycan Aşıqlar Birliyinə təşəkkürünü bilirən Əməkdar artist "Musiqi kimliyimiz" layihəsinin təsadüfi olmadığını, aşıq sənətinin Azərbaycan folklor sənətinin bünövrəsi olduğunu qeyd edib.

O, bugünkü nəslə aşıq sənətini təbliğ etməyin məqsədəuyğun və vacib olduğunu, layihənin mütəmadi olaraq keçiriləcəyini bildirib.

Gecədə aşıqlar Elbrus Hüseynov və Şöhrət Kərimov “Aşıq Alının Zəngəzur səfəri” dastanını nəql ediblər.

Qeyd edək ki, 2 mart tarixinədək davam edəcək layihə Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndəsi Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunub.