Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər veriləcək

Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər veriləcək

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər veriləcək.

"Report" xəbər verir ki, bu, dövlət başçısının təsdiqlədiyi Fondun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasında öz əksini tapıb.

Qaydaya əsasən, kreditləri Energetika Nazirliyi yanında Enerji Məsələləri Tənzimləmə Agentliyi müvəkkil kredit təşkilatları vasitəsilə verəcək.

Hər bir layihə üzrə Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:

1 000 manatdan 50 000 manata qədər - kiçik kreditlər;

50 001 manatdan 1 000 000 manata qədər - orta kreditlər;

1 000 001 manatdan 10 000 000 manata qədər - böyük kreditlər.

Güzəştli kreditlər aşağıdakı müddətə verilir:

Kiçik kreditlər üçün - 5 ilə qədər;

Orta kreditlər üçün - 10 ilə qədər;

Böyük kreditlər üçün - 15 ilə qədər.

Müvəkkil kredit təşkilatları aşağıdakı meyarlara uyğun olmalıdır:

- Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi minimum məcmu kapital, kapital adekvatlığı və likvidlik əmsalları üzrə prudensial tələblərə cavab verməli;

- Son 2 ildə kredit portfelində (2016-cı il yanvarın 1-dən əvvəl verilib sonradan restrukturizasiya edilmiş kreditlər istisna olmaqla) qeyri-işlək kreditlərinin (balansdan silinmiş kreditlərin qalıqları nəzərə alınmaqla) payı 10 %-dən yuxarı olmamalı;

- vaxtı keçmiş kreditlərlə iş üzrə müvafiq daxili qayda və prosedurları olmalıdır.

Fiziki və ya hüquqi şəxslər ərizəni və digər sənədləri müvəkkil kredit təşkilatına təqdim edirlər.

Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri müraciət edən şəxsə izah edilir. Çatışmazlıqlar ən geci 10 iş günü müddətində aradan qaldırılmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə məlumat müraciət edən şəxsə 3 iş günü müddətində təqdim edilir, yaxud sifarişli poçt göndərişi və ya elektron poçt vasitəsilə göndərilir.

Fiziki və ya hüquqi şəxslər barədə təqdim edilən ərizədə nəzərdə tutulan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunur. Müvəkkil kredit təşkilatı Agentliyin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair minimal tələbləri və bu Qaydada qeyd edilən tədbirlər əsasında layihələri təhlil edərək, layihəyə güzəştli kreditin ayrılması və ya imtina barədə ilkin qərarını fiziki və ya hüquqi şəxsə bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Agentliyin müəyyən etdiyi məlumatları və sənədləri Agentliyə elektron qaydada və ya kağız daşıyıcıda göndərir.

Agentlik müvəkkil kredit təşkilatının təqdim etdiyi sənədlərə 5 iş günü müddətində baxır və layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirilməsindən imtina barədə qərar qəbul edir və həmin qərarı 1 iş günü müddətində müvəkkil kredit təşkilatına elektron qaydada və ya kağız daşıyıcıda göndərir.

Layihənin maliyyələşdirilməsi müvəkkil kredit təşkilatı ilə fiziki və ya hüquqi şəxs arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.

Müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirilən fiziki və ya hüquqi şəxslər haqqında hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 bank günündən gec olmayaraq Agentliyə məlumat verilməlidir. Təqdim olunacaq məlumatın formasını Nazirlik müəyyənləşdirir.

Agentlik hər bir müvəkkil kredit təşkilatı üçün ilin əvvəlində onun müraciəti əsasında ayrılacaq vəsaitin yuxarı həddini müəyyən edir. Ayrılmış vəsaitdən istifadə edildikdən sonra müvəkkil kredit təşkilatının müraciəti əsasında Agentlik müvəkkil kredit təşkilatına əlavə vəsait ayrılması barədə qərar qəbul edə bilər.

Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 %-nə qədər ola bilər.

Müvəkkil kredit təşkilatının müraciəti əsasında ayrılmış ilkin vəsait üzrə maliyyə ilinin başa çatmasına 3 ay qalana qədər, əlavə olaraq ayrılmış vəsait üzrə isə ilin sonuna 1 ay qalana qədər 80 %-dən az istifadə olunarsa, vəsaitin istifadə olunmayan hissəsinə yuxarı hədd müəyyən edilən tarixdən etibarən müvafiq olaraq oktyabrın 1-nə qədər və ya dekabrın 1-nə qədər hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır. Ayrılmış vəsaitdən müvəkkil kredit təşkilatı istifadə etmədikdə, Agentlik həmin vəsaitin geri qaytarılması və digər müvəkkil kredit təşkilatına ayrılması barədə qərar qəbul edə bilər. Müvəkkil kredit təşkilatı oktyabrın 1-nə qədər və ya dekabrın 1-nə qədər ayrılacaq vəsaitin yuxarı həddinin azaldılması və ya geri qaytarılması barədə Agentliyə müraciət edə bilər.

Bir müvəkkil kredit təşkilatı üçün müəyyən olunmuş yuxarı hədd həmin il üzrə müvəkkil kredit təşkilatlarına veriləcək cəmi vəsaitin 35 %-dən çox ola bilməz.

Müvəkkil kredit təşkilatı istifadə etdiyi vəsait üzrə əsas borcu və hesablanmış faizləri Agentliklə bağladığı müqaviləyə uyğun olaraq, hər ay üzrə növbəti ayın 3 iş günündən gec olmayaraq Agentliyə ödəməlidir.

Fors-major hadisələrlə bağlı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən Agentliyin müəyyən etdiyi qaydada müvəkkil kredit təşkilatlarının Agentlik qarşısındakı borc öhdəliyinin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) həyata keçirilə bilər.

Fiziki və ya hüquqi şəxs tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün, lakin 120 gündən çox olmamaq şərtilə, köçürülməyən vəsaitin 0,1 %-i qədər cərimə ödəyir. Müvəkkil kredit təşkilatı öhdəliklərini icra etmədikdə, Agentlik Fondun vəsaitinin qaytarılması üçün tədbirlər görür.

Agentlik qarşısında yaranmış öhdəliklərinin təminatı məqsədilə Agentliklə müvəkkil kredit təşkilatı arasında bağlanılan müqavilədə Agentliyin tələbi üzrə müvafiq pul vəsaitinin müvəkkil kredit təşkilatının Mərkəzi Bankdakı müxbir hesabından silinməsi haqqında Mərkəzi Banka yazılı sərəncam vermək öhdəliyi və bu sərəncamın həmin müqavilə üzrə öhdəliklərə xitam verilənədək qüvvədə qalması barədə müddəa nəzərdə tutulur.

Köçürülmə zamanı müvəkkil kredit təşkilatının müraciəti əsasında fiziki və ya hüquqi şəxsə verilmiş güzəştli kreditin restrukturizasiyası (krediti ödəmə müddətinin uzadılması) Agentliyin müəyyən etdiyi qaydada yalnız bir dəfə həyata keçirilə bilər.

Güzəştli kreditlər üzrə illik faiz dərəcələrinin yuxarı həddini Agentlik müəyyən edir. Fiziki və ya hüquqi şəxs aldığı güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidir. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Vaxtından əvvəl ödənilən faizləri və ya əsas borcunu müvəkkil kredit təşkilatı 3iş günündən gec olmayaraq Fonda köçürməlidir. Müvəkkil kredit təşkilatı həmin vəsaitin Fonda köçürülməsini gecikdirdikdə, bu Qaydaya uyğun olaraq cərimə ödəməlidir. Gecikdirmə 30 iş günündən çox olarsa, Agentlik müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edə bilər.