Assosiasiya: Azərbaycanda toyuq ətinin satış qiymətləri artırılmayıb

Assosiasiya: Azərbaycanda toyuq ətinin satış qiymətləri artırılmayıb

Son günlər Azərbaycanda toyuq ətinin satış qiymətləri artırılmayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası son günlər ölkədə toyuq ətinin bahalaşması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

"Ayrı-ayrı pərakəndə satış məntəqələrində qiymət artımı varsa, bu, sırf həmin məntəqələrin məsuliyyətidir. Azərbaycanda toyuq ətinə tələbat durmadan yüksəlir. Həm ölkə əhalisinin sayı, həm ölkəmizə gələn xarici turistlərin sayı artır ki, bu da tələbatın yüksəlməsini şərtləndirir. Quşçuluq təsərrüfatları artan tələbatı təmin etmək üçün istehsal sahələrini genişləndirməyə, müasir texnologiyaları tətbiq etməyə çalışırlar”, - məlumatda deyilir.

Bildirilir ki, bu gün ölkəmizi yumurta və quş əti ilə təmin edən müəssisələr sovet dövründə tikilib: “Bu müəssisələrdən bəziləri 50 ilə yaxındır istismar olunur. Quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərindən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir mövsüm quş saxlandıqdan sonra təsərrüfat tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir. Nəticədə təsərrüfatlarda yetişdirilən quşlar müxtəlif xəstəliklərə çox həssas olur, itkilər artır. Təsərrüfatlar bu itki ilə uzun müddət işləyə bilməz. Çünki bu gün damazlıq materialların hamısı xaricdən gətirilir və olduqca bahadır. Digər tərəfdən, tələfat nəticəsində itirilən quşlar üçün çəkilən xərc - işlədilən vaksin, vitamin, minerallar, işçinin əmək haqqı, işıq, qaz, su, yem və digər xərclər salamat qalan quşların maya dəyərinə daxil olur”.

Qeyd edilib ki, quşçuluq sahəsi kənd təsərrüfatının ən vacib sahələrindən biridir: “Ancaq ölkəmizdə kənd təsərrüfatı deyildikdə, yalnız əkinçilik və maldarlıq nəzərdə tutulur. Ona görə də ölkəmizdə olan torpaqlar əkin və örüş olaraq cəmi iki kateqoriyaya ayrılıb. Ərzaq səbətində mühüm yerə sahib olan quşçuluq məhsullarının istehsalı üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmayıb. Əhali üçün ən ucuz və əlçatan protein mənbəyi quşçuluq məhsullarıdır və bu məhsulları heç nə ilə əvəz etmək mümkün deyil. Bu məhsulların çatışmazlığı daha çox tez hiss olunur, nəinki digər kənd təsərrüfatı məhsullarının. Çünki quşçuluq məhsulları qiymət baxımından digər məhsullardan daha əlçatandır. Belə çatışmazlığın yaranmaması üçün quşçuluq təsərrüfatlarının müasir standartlara və tələblərə uyğun binaları olmalıdır. Lakin sovet dövründə tikilən tikililər bugünkü texnoloji tələblərə cavab vermir. Sovet dövründə təsərrüfatlarda çoxsaylı binalar tikilib. Bu binaların hamısını eyni vaxtda sökmək və yenisini tikmək mümkün deyil. Bu proses tədricən və təsərrüfatın imkanları daxilində aparılır. Sovet dövründə tikilən təsərrüfatlara torpaq sahələri ayrılıb. Bəzən 100 hektara qədər, bəzən də 100 hektardan çox olan bu torpaq sahələrinin içində sovet dövründə müxtəlif yerlərdə tikililər tikilib. Müstəqillik dövründə bu təsərrüfatlar özəlləşdirilib və həmin torpaqlar da üstündə olan əmlakla birlikdə texniki pasport hazırlanaraq təsərrüfata verilib. Neçə illərdir quşçuluq təsərrüfatları müxtəlif problemlər üzündən həmin torpaq sahələrini özəlləşdirə bilmirlər. Bu problemlərin aradan qaldırılması vacibdir”.

Assosiasiya quşçuluq təsərrüfatlarının üzləşdiyi problemlər və onların həll yolları barədə ölkə hökumətinə təkliflərini göndərib: “Nazirlər Kabinetinə, İqtisadiyyat və Kənd Təsərrüfatları nazirliklərinə göndərdiyimiz təkliflərdə quşçuluq təsərrüfatlarına əkin-biçinə, örüş kimi istifadəyə yararsız olan torpaqlarda istehsal sahələrinin genişləndirilməsinə şərait yaradılmasını xahiş etmişik. Dövlətimiz hər zaman quşçuluq sahəsini dəstəkləyib. Ölkə əhalisinin artdığı, tələbatın çoxaldığı bir dövrdə Azərbaycanda quş əti və yumurta istehsalının da artırılması zəruridir. Ancaq sadaladığımız problemlər həll edilmədən bu sahənin inkişafına və dayanıqlığına tam nail olmaq mümkün deyil”.