FHN-in təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

FHN-in təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Martın 1-də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin, müvafiq nazirliklərin, aidiyyəti dövlət orqanlarının mülki müdafiə sahəsində məsul vəzifəli şəxsləri, rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyalarının sədrləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirin əvvəlində mülki müdafiə sahəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Toplantını giriş sözü ilə açan FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov mülki müdafiə işinin effektiv təşkilində Beynəlxalq Mülki Müdafiə Təşkilatının rolundan və bu təşkilatın Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarında nazirliyin fəaliyyətindən danışıb. Baş idarənin rəisi vurğulayıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əsas vəzifəsi əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Qeyd olunub ki, 1 mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.

Çıxışında Baş idarə rəisi ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində nazirliyin vəzifələri, fəaliyyəti və bu sahədə görülən işlər haqqında geniş məlumat verib.

Niyazi Zamanov vurğulayıb ki, mülki müdafiə sahəsində qarşıda duran digər mühüm məsələlərdən biri də ölkəmizdə mövcud qanunvericilik bazasına yenidən baxılması, mövcud normativ hüquqi sənədlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır. O, bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. Eyni zamanda, Baş idarə rəisi öz çıxışında Mülki müdafiənin inkişaf istiqamətləri, bu sahədə innovativ texnologiyaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Çıxışının sonunda N.Zamanov bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan Respublikası üçün əhəmiyyətindən danışaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə səbəb olacaq. Tədbirin ölkəmizdə keçiriləcəyi müddətdə 100-dən çox ölkədən rəsmi nümayəndənin, həmçinin on minlərlə insanın ölkəmizə səfərinin baş tutacağını nəzərə alaraq, mülki müdafiə sahəsində cavabdeh şəxslərin istər tədbirin keçirilməsinə qədər hazırlıq ərəfəsində, istərsə də tədbirin keçirldiyi günlərdə iştirakçıların təhlükəsizliyi məsələlərinə diqqətin daha da artırılması tövsiyə olunub.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin əməkdaşı Murad Qasımov mülki müdafiə sahəsində innovativ texnologiyalardan istifadənin vacibliyindən və bu texnologiyaların tətbiqi ilə bağlı yerinə yetiriləcək tədbirlər barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov çıxış edərək, mülki müdafiədə peyk texnologiyalarının tətbiqi barədə geniş məlumat verib.

“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı öz çıxışında İctimai Birliklə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq, mülki müdafiə sahəsində gənclərin hazırlığı, mülki müdafiə tədbirlərində onların iştirakı barədə tədbir iştirakçılarını məlumatlandırıb.

“Azerconnect” MMC-nin nümayəndəsi Orxan Nəcəfov böhran vəziyyətlərinin idarə olunmasında telekommunikasiya şirkətlərinin rolu haqqında çıxış edib.

Daha sonra tədbirdə Azərbaycan Respublikas Dövlət Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizlik Əməliyyat Mərkəzinin rəisi Davud Rüstəmov, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun Fövqəladə hallar üzrə mütəxəssisi Bəxtiyar Səlimov mövzu ətrafında çıxışlar ediblər.

Sonda 1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə, eləcə də təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən əməkdaşlar Fövqəladə Hallar Nazirliyi adından “Fəxri fərman”la təltif olunublar.