Bələdiyyələrin birləşməsi və ləğv edilməsi ilə bağlı qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

Bələdiyyələrin birləşməsi və ləğv edilməsi ilə bağlı qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, toplantının gündəliyindəki 3 məsələ müzakirə olunub.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə edilib.

11:03

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, toplantının gündəliyinə 3 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər müzakirə olunacaq:

1. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

2. “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

3. “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi.

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq.

Qanuna təklif edilən digər bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.

Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.

Yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək;

- Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.