Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib

Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib

Avropa Kanoe Assosiasiyası (ECA) “Prezident Kuboku-2024” beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil edib.

"Birxeber.Az" ECA-nın rəsmi saytına istinadən xəbər verir ki, təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar aprelin 29-da Bakıya gələcəklər.

Bir gün sonra Mingəçevirdə yarışın rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Mayın 1-də Suqovuşan su anbarında birnəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək.

Reqata mayın 2-3-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris və İdman Mərkəzində davam edəcək. Mayın 3-də yarışların final görüşləri keçiriləcək.

ECA həmçinin Azərbaycanda avarçəkmə üçün uyğun olan yeni su hövzəsinin təqdimatının olacağı haqda məlumat verib. Mayın 4-də işğaldan azad olunan Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının açılış mərasimi baş tutacaq.

Xatırladaq ki, “Prezident Kuboku-2023” beynəlxalq reqatası da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.