"Avropa Şurası nüfuzunu tamamilə itirməkdə olan quruma çevrilib" - RƏY

"Avropa Şurası nüfuzunu tamamilə itirməkdə olan quruma çevrilib" - RƏY

Milli Məclisin deputatı Aydın Hüseynov Avropa Şurasının nüfuzunu tamamilə itirməkdə olan bir quruma çevrildiyini bildirib.

O, "Birxeber.Az"a açıqlamasında deyib ki, Avropa Şurası nə ona üzv olan ölkələrə münasibətdə, nə də qarşıya qoyulan məqsədlərə çatmaqda ədalətli mövqe sərgiləyir:

"Bu təşkilatın siyasəti yalnız qərəz və böhtan üzərində qurulub. AŞPA üzv olduğumuz müddətdə Azərbaycanın gözləntilərini doğrultmadı. Burada fəaliyyətimiz qurumun Avropanın aparıcı dövlətləri tərəfindən öz maraqlarını təmin etmək üçün bir alət kimi istifadə olunduğunu üzə çıxardı. Aydın oldu ki, Fransa, Almaniya kimi böyük dövlətlərin maraqları bir çox hallarda beynəlxalq ədalət, qanunların aliliyi və demokratiya prinsipləri ilə uzlaşmaya da bilir”.

Milli Məclisin üzvü vurğulayıb ki, bu cür qərəzli yanaşmalarla Azərbaycanın regionda başlatdığı normallaşma prosesinə süni əngəllər törətməyə və ölkənin haqq işinə kölgə salmağa çalışırlar:

Aydın Hüseynov
Aydın Hüseynov

“AŞPA-nın ölkəmiz əleyhinə qəbul etmək istədiyi qərarlar özlərinin prinsip və normalarına zidd addımdır. Heç bir sülh təşəbbüsü ilə çıxış etməyən AŞPA-nın bu mövqeyi qərəzin pik həddi hesab oluna bilər. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması qərarı elə Avropa Şurasına daxil olan ölkələrə də öz təsirini göstərəcək. Bütün bunlar Avropa Şurasının necə miskin durumda olduğunu, Avropa İnsan Hüquqları Konvensiyası başda olmaqla insan hüquqları mexanizmlərindən mənfur məqsədlər üçün necə sui-istifadə edildiyini bariz şəkildə göstərir".

A.Hüseynov qeyd edib ki, 350 mindən artıq qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtmaq hüququnu görməzdən gələn AŞPA, sayı hər ötən gün şişirdilən Qarabağ ermənilərinin könüllü köçünü gündəmdə saxlaması da bu qurumun kimlərinsə əlində oyuncaq olduğunu göstərir:

"Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş qərar bir kağız parçasından artıq deyil. Görünən odur ki, Avropa və dünya dəyərlərinə, eləcə də insan haqlarına qarşı hörmətsizlik nümayiş etdirən Avropa Şurası artıq nüfuzunu tamamilə itirməkdədir".