Bələdiyyələrin birləşməsi ilə əlaqədar 2 il şərtinə aydınlıq gətirilib

Bələdiyyələrin birləşməsi ilə əlaqədar 2 il şərtinə aydınlıq gətirilib

Bu qanun layihələri seçkilərə qədər öz həllini tapmalıdır, birləşən bələdiyyələrin sahəsi, bələdiyyə üzvlərinin sayı müəyyənləşməlidir.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.

Deputat bildirib ki, seçkiyə qədər çətinliklə üzləşməməliyik: “Layihədə qeyd edilib ki, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcəyi qeyd edilib. Burada 2 il şərti niyə qoyulur? 2 ilə 600 nəfər əhalisi olan bələdiyyə əhalisi 1000 nəfərə çatacaqmı?”.

Aqil Məmmədov Şəfəq qəsəbəsinin yaradılması məsələsinə də münasibət bildirib: “Məcburi köçkünlər məskunlaşan ərazilərdə çoxlu qəsəbələr var. Məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra bu qəsəbələrin adları da dəyişə bilər”.

Komitə sədri Siyavuş Novruzov deputatın sualına cavab verib: “4 il keçən ilə qədər olan müddəti nəzərdə tutur. Çünki bələdiyyələrin birləşməsi onsuz da mövcud qanunvericilikdə var idi. Öz aralarında birləşən bələdiyyələr bundan əvvəl də olub. Amma təklif edilən layihədə konkret şərt irəli sürülür. Biz qanunu qəbul etdikdən sonra birləşmə prosesi başlayacaq”.