Komitə sədri: Bələdiyyələrin sayı kifayət qədər azalacaq

Komitə sədri: Bələdiyyələrin sayı kifayət qədər azalacaq

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna təklif edilən dəyişikliklə bələdiyyə sayı təxminən 2/3 qədər azalacaq.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov adıçəkilən layihənin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrin sayı kifayət qədər azalacaq: “Misal olaraq, Xınalıq, Lahıc, Laza kimi kəndlərin özlərinin xüsusiyyətləri, iqtisadiyyatları və s. formalaşıb. Qalan hallarda bələdiyyələr birləşəcək. Bələdiyyələr var ki, suyu var, torpağı yoxdur. Yaxud örüş yeri var, torpaq sahəsi yoxdur. Bundan başqa, 5 kənd var ki, cəmi bir qəbiristanlığı var. Odur ki, belə kəndlərin bələdiyyələri birləşdirilərək vahid model yaranacaq. Nəticədə həm bələdiyyələrin maliyyəsi artacaq, həm torpaq sahələri genişləndiriləcək, həm də mövcud problemləri həllini tapacaq”.