“Qadınlar üçün Kosmos” mentorluq proqramının seçim mərhələsi yekunlaşıb

“Qadınlar üçün Kosmos” mentorluq proqramının seçim mərhələsi yekunlaşıb

Kosmik Ticarət İnstitutu (Space Commerce Institute) və Azərkosmos arasında tərəfdaşlıq çərçivəsində elan olunmuş “Qadınlar üçün Kosmos” mentorluq proqramının seçim mərhələsi yekunlaşıb. Ölkəmizdə ilk dəfə keçirilən bu proqramın əsas məqsədi kosmos sahəsində qadınların tam potensiallarını aşkarlamaq və onların qlobal əməkdaşlıqda iştirakını dəstəkləməkdən ibarətdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Birxeber.Az-Economics”ə bildirib ki, qeydiyyat mərhələsi yanvarda elan edilmiş bu mentorluq proqramına ümumilikdə 150-dən çox müraciət daxil olub.

Proqramın meyarlarına tam cavab verən beş qadın Qadınlar üçün Kosmos” mentorluq proqramına seçilib:

1. Qəndab Məmmədova: Orta məktəb məzunu

2. Həcər Nağıyeva: ADA Universitetinin tələbəsi

3. Aysel İbrahimova: Ali məktəb məzunu, gənc mütəxəssis

4. Türkan Əskərova: Ali məktəb məzunu, gənc mütəxəssis

5. Xanım Əzimova: Milli Aviasiya Akademiyasının tələbəsi

Seçilmiş iştirakçılar proqramın mentorları – Kosmik Fondun kosmik ticarət və sahibkarlıq üzrə vitse-prezidenti Kelli Kedis Oqborn, “OIP Space Instruments”in proqram meneceri Ramata Sörensen, Strategiya və biznesin inkişafı üzrə ekspert, Kosmik Nəsil Məşvərət Şurasının müxtəliflik və gender bərabərliyi qrupunun üzvü Aleksandra Cerkayanu, Azərkosmosun Strategiya və biznesin inkişafı departamentinin direktoru Natavan Həsənova və “Capella Space” şirkətinin “DevOps” meneceri Esmira Bayramova ilə təkbətək görüşlərə qatılaraq onların tövsiyə və təcrübələri ilə tanış olacaqlar. Bundan əlavə, seçilmiş iştirakçıların digər kosmik sənaye ekspertlərinin aylıq seminarlarında da iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Qadınlar üçün Kosmos” mentorluq proqramı üç ay (mart-may) davam edəcək.