Kadri Simson: "2030-cu ilədək Qlobal Öhdəliyi irəliyə aparmaq üçün COP29-a sədrlik edən Azərbaycanla sıx əməkdaşlığı gözləyirik"

Kadri Simson: "2030-cu ilədək Qlobal Öhdəliyi irəliyə aparmaq üçün COP29-a sədrlik edən Azərbaycanla sıx əməkdaşlığı gözləyirik"

Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq və regional layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol dünyada baş verən gərginliklər nəticəsində daha ön plana çıxıb. Azərbaycan beynəlxalq təşkilat və şirkətlərlə birgə enerji sahəsinə mühüm investisiyalar yatırır, beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi ixrac edir.

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson “Report”a müsahibəsində Azərbaycanın enerji siyasəti, Aİ-nin enerji təhlükəsizliyində ölkəmizin rolu, bu sahədə gələcək layihələr və birgə əməkdaşlıq tədbirləri barədə danışıb.

- Enerji, enerji təhlükəsizliyi və enerji keçidi ilə bağlı qlobal proseslərdə Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropa İttifaqı üçün mühüm enerji müttəfiqidir. 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu təkcə Avropaya alternativ qaz tədarükünün təhlükəsizliyini təmin etmir, eyni zamanda enerji səmərəliliyi və təmiz enerji üzrə uzunmüddətli tərəfdaşlığın əsasını qoyub. Bu, Avropa İttifaqı tərəfindən 2022-ci ilin mayında işə salınan "RePowerEU" planı çərçivəsində şaxələndirmə hədəflərinə də töhfə verəcək və Avropanın Rusiya qazından asılılığını sona çatdırmağa kömək edəcək. Bizim üçün bərpa olunan enerjinin inkişaf etdirilməsi və tətbiqi üzrə əməkdaşlıq xüsusilə vacibdir ki, bu məsələlər də bu ilin sonunda Bakıda keçiriləcək COP29-da nəzərdən keçiriləcək.

- Bu gün Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıya səfəriniz zamanı hansı mövzular diqqət mərkəzində olacaq?

- Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında Aİ üçün qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayan boru kəmərinin imkanlarının genişləndirilməsi müzakirə olunacaq.

Biz, həmçinin Aİ-nin qonşuluğundakı ölkələrdə mərhələli şəkildə kömürdən tamamilə imtina edilməsində və şaxələndirmə səylərinin dəstəklənməsində Cənub Qaz Dəhlizinin rolunu müzakirə edəcəyik.

Bu müzakirələr regional və qlobal enerji təhlükəsizliyi problemlərinin həlli üçün xüsusilə vacibdir.

Əhəmiyyətlisi odur ki, SGC Məşvərət Şurası ilə yanaşı, 2023-cü ilin uğurlu təcrübəsi kimi ikinci Yaşıl Enerji Məşvərət Şurası da keçiriləcək. Bu, Aİ-Azərbaycan enerji tərəfdaşlığının mühüm sütunları olan bərpaolunan enerji istehsalının, enerji səmərəliliyinin və bərpaolunan hidrogenin təşviqinə həsr olunacaq.

- Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi SGC-nin əhəmiyyətini nə dərəcədə artırıb? SGC vasitəsilə Avropaya ötürülən Azərbaycan qazı enerji böhranının nəticələrinin yumşaldılmasına töhfəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan Rusiya yanacağından uzaqlaşmaq səylərimizi dəstəkləməkdə mühüm rol oynayır.

Azərbaycanın təbii qazının Avropa bazarına tədarükü 2021-ci ildəki 8,1 milyard kubmetrdən 2023-cü ildə 11,4 milyard kubmetrə yüksəlib və hər iki tərəf 2022-ci ildə imzalanan Anlaşma Memorandumunda göstərildiyi kimi, 2027-ci ilədək ikitərəfli ticarəti ildə 20 milyard kubmetrə çatdırmaq öhdəliyi götürüb.

- SGC-nin ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün maliyyə dəstəyinin göstərilməsi istiqamətində hansı işlər görülür? Aİ-nin bu prosesdə iştirakı gözlənilirmi? SGC-nin genişləndirilməsi ilə bağlı investisiya qərarının qəbulu nə zaman gözlənilir?

- Məşvərət Şurasının iclası Cənub Qaz Dəhlizi boyunca zəruri infrastrukturun modernizasiyasını müzakirə etmək üçün fürsət olacaq.

Masanın üstündə hazır və aydın layihə olduqda Avropa İnkişaf və Yenidənqurma Bankı orta səviyyəli infrastrukturun təkmilləşdirilməsində iştirak edə bilər. Bu, həm də Paris Sazişi üzrə öhdəlikləri və metan sızmasının aradan qaldırılması planlarını diqqətdə saxlamaqla həyata keçirilməlidir.

Bütün hallarda investisiya qərarları Avropa Komissiyası deyil, layihə sahibləri tərəfindən veriləcək.

- Hazırda Trans-Adriatik Qaz Boru Kəməri ilə 8 ölkəyə Azərbaycan qazı ixrac olunur. Bu sahədə daha hansı Avropa ölkələri Azərbaycanla, həmçinin Xəzər qazının tədarükü üçün əməkdaşlığa qoşulmaq istəyir? Hazırda Yunanıstan-Şimali Makedoniya interkonnektorundan başqa hansı yeni qaz birləşmələrin inşası planlaşdırılır?

- Avropa İttifaqında Cənub Qaz Dəhlizinin Aİ və Qərbi Balkanlarda təsir dairəsini genişləndirəcək bir neçə qaz infrastrukturu layihəsində ciddi irəliləyiş əldə edirik. Bu layihələrə Trans-Adriatik Boru Kəməri, Bolqarıstan, Rumıniya, Xorvatiya və Slovakiya arasında həmrəylik halqası və Şaquli Qaz Dəhlizi təşəbbüsləri ilə Bolqarıstan-Serbiya İnterkonnektoru daxildir. Biz, həmçinin Trans-Balkan Boru Kəməri kimi mövcud ötürmə sistemlərindən maksimum istifadəyə və Avropa inteqrasiya bazarına tədarükün diversifikasiyasını daha da artıracaq hazırda davam edən layihələri tamamlamağa əhəmiyyət veririk.

Komissiya, həmçinin 2021-ci ildən bəri Qərbi Balkan İnvestisiya Çərçivəsi və Qoşulmadan Qabaqcıl Alət vasitəsilə 700 milyon avroya qədər qrant maliyyəsi də daxil olmaqla ümumi 1,9 milyard avro investisiya səfərbər edib. Bu investisiyalar enerji səmərəliliyi, bərpa olunan enerji istehsalı və enerji əlaqəsi infrastrukturunun gücləndirilməsi ilə bağlı layihələr üçün istifadə olunacaq. Bu investisiyalar regionda karbon emissiyalarının azaldılmasını sürətləndirəcək və enerji təhlükəsizliyini artıracaq.

Transsərhəd enerji infrastrukturu üçün yenidən işlənmiş qaydalarımıza əsasən, qaz infrastrukturu layihələri artıq Avropa Əlaqələri Mexanizmi çərçivəsində maliyyə dəstəyi üçün uyğun deyil.

- 2022-ci ilin yayında Aİ ilə Azərbaycan arasında enerji memorandumu imzalanıb. Yeni və oxşar sənədlərin imzalanması ilə bağlı hansısa planlar varmı?

- Diqqətimiz 2022-ci ildə imzaladığımız Anlaşma Memorandumunun həyata keçirilməsinə yönəlib.

- Bildiyimizə görə, Aİ Qırmızı dənizdə gəmilərin hərəkətini qorumaq üçün əməliyyata başlayıb. Apardığınız araşdırmalara görə, Qırmızı dənizdə yaranmış vəziyyət Azərbaycandan bu istiqamətdə gedən tədarüklərə necə təsir edib?

- Aİ qazı yalnız Azərbaycandan boru kəməri ilə tədarük edir.

- Bu il Azərbaycan ilk dəfə COP29 konfransına ev sahibliyi edəcək. Bu Azərbaycanın “yaşıl iqtisadiyyata” keçid gündəminə necə təsir edəcək? Bu möhtəşəm tədbirin keçirilməsində Aİ-nin Azərbaycana nə kimi dəstəyi ola bilər?

- Biz COP29-un Bakıda uğurla keçirilməsi üçün COP29-un Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edəcəyik.

Xüsusilə, 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üzrə Qlobal Öhdəliyi irəliyə aparmaq üçün biz COP29-a sədrlik edən Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik.

- Aİ-nin Azərbaycanda bərpa olunan enerji mənbələrinə investisiya qoymaq planları varmı? Aİ və Azərbaycan Uzunmüddətli Aşağı Emissiyanın İnkişafı Strategiyasını qəbul edilməsi istiqamətində birgə iş aparırdı. Bu proses hansı mərhələdədir və bu strategiya çərçivəsində əməkdaşlığın istiqamətləri müəyyənləşibmi?

- İkinci Yaşıl Enerji Məsləhət Şurasının diqqət mərkəzində Azərbaycanda iri dəniz külək və günəş enerjisi potensialının inkişafı, o cümlədən regional səviyyədə fiziki əlaqənin və bazar inteqrasiyasının təkmilləşdirilməsi olacaq.

Bakıda keçiriləcək qarşıdan gələn görüşlər Avropa rəsmiləri və şirkətlərinə dəniz külək enerjisi potensialını inkişaf etdirmək və Avropa şirkətlərinin Azərbaycan bazarına sərmayə yatırmaq üçün tərəfdaşlarla daha çox əlaqə yaratmaq imkanı verəcək.