Aİ-nin bəzi ölkələrində rekord sayda sığınacaq üçün müraciət qeydə alınıb

Aİ-nin bəzi ölkələrində rekord sayda sığınacaq üçün müraciət qeydə alınıb

2023-cü ildə Avropa İttifaqının (Aİ) ölkələrində, eləcə də İsveçrə və Norveçdə sığınacaq alınması üçün 1,14 milyon müraciət edilib.

“Report” Aİ-nin Sığınacaq Agentliyinin (EUAA) məlumatlarına istinadən xəbər verir ki, bu rəqəmlər müharibə şəraitində olan Suriyadan Avropaya böyük qaçqın axınının müşahidə olunduğu 2016-cı ildən bəri rekord göstəricidir.

Əvvəlki illə müqayisədə sığınacaq üçün müraciətlərin ümumi sayı 18 faiz artıb.

Agentlikdən qeyd olunub ki, bu göstərici son 7 ildə ilk dəfə 1 milyon həddini keçib.

Ən çox müraciət Suriya vətəndaşları tərəfindən verilib - 181 min. Bu, bir il əvvəlkindən 38 faiz çoxdur.

İkinci yerdə Əfqanıstandan olan qaçqınlar qalır - 114 min müraciət. 2023-cü ilin sonunda sığınacaq axtaran fələstinlilərin də sayı artıb.

Türkiyə vətəndaşları tərəfindən sığınacaq üçün müraciətlərin sayı da əhəmiyyətli dərəcədə artıb - 101 min. Bu isə 2022-ci illə müqayisədə 82 faiz çoxdur.

Mütləq rəqəmlərlə desək, ən çox müraciət Almaniyada (334 000), Fransada (167 000), İspaniyada (162 000), İtaliyada (136 000) edilib. Bu dörd ölkənin payına bütün müraciətlərin üçdə ikisindən çoxu düşür.